YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha yüksək zirvələrə doğru

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Çünki Ümummilli Lider Heydər Əliyev siyasəti çoxcəhətli, dəyişkən və çevik olmaqla nəinki iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın bütün sahələrini əhatə etmiş və xalqımız  üçün çox faydalı bir irs qoyub getmişdir.

Azərbaycan Respublikasının inkişaf tarixində 70-80-ci illər dönüş illəri hesab olunur ki, bu da Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunmuşdur. Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edirdi. Dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmışdır. Məhz o dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərmişdir.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaratmışdı. Ancaq 1991-1993-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı.1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmışdı.Ümummilli Liderin yenidən siyasi hakimiyyətə qayıdışı artiq tarixi zərurət idi. 1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə  son qoyulmuşdur. Vaxtında atılan bu addımlar böhran həddinə çatmış ölkə iqtisadiyyatını yenidən hərəkətə gətirmiş, iqtisadiyyatın canlanması Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına səbəb olmuşdur.

Ümummilli Liderin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Həmçinin ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Görülən işlər nəticəsində ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və Sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları, xüsusilə İqtisadiyyat Nazirliyi qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir. Dünyanın bir çox ölkələri ilə iqtisadi əməkdaşlıq qurulmuşdur. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar dünyanın Azərbaycana olan etibarının artması ilə şərtləndirilir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.