YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəsarətli və qətiyyətli addım

“Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri sırasında milli varlığımızı təsdiq edən, mənəvi sərvətimiz olan ana dilimizin qorunması və inkişafı istiqamətindəki fəaliyyəti müstəsna yer tutur. Hələ sovetlər dövründə Ümummilli Lider Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olan sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdırmaqla yanaşı Azərbaycan dilinin inkişafına da xüsusi diqqət yetirmışdi. Sovetlər dönəmində SSRİ-nin tərkibində olan respublikalarda milli dillərin sıxışdırılması prosesi gedirdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ana dilimizin qorunması və inkişafı istiqamətində cəsarətli və qətiyyətli addımlar atdı”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, o dövrdə ulu öndər Heydər Əliyev müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə ana dilimizə verdiyi dəyəri nümayiş etdirdi. 1978-ci ilin aprel ayında isə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili respublikamızda dövlət dili kimi təsbit edildi. Bu, məhz Heydər Əliyevin qətiyyətinin və ana dilinə olan sevgisinin parlaq nümunəsi idi. Həmin hadisə eyni zamanda böyük öndərimizin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Bundan əlavə, sovetlər dönəmində Heydər Əliyev tərəfindən  Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Eləcə də, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün vacib addımlar atılıb, Azərbaycanın görkəmli yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həmçinin, Azərbaycan dilinin tarixi araşdırılıb, ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilib. Eyni zamanda, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub. Bütün bunlar onu göstərir ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir” –deyən ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi ana dili siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Müstəqilliyə gedən yolda da ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu Öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi.

Pərvin Kərimzadə qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Ulu Öndərimizin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən ilk milli Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi.

2001-ci ildə Ümummilli Liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Eləcə də, bu sənədlə latın qrafikasına keçid prosesi başa çatdırıldı. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməyə başlayıb. 30 sentyabr 2002-ci ildə isə Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu.

“Bu gün Prezident İlham Əliyev bu istiqamətdə Heydər Əliyev yolunu uğurla davam etdirir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar ana dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Prezident İlham Əliyev tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” və 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından böyük önəm kəsb edir. Bütün bu faktlar Azərbaycan dilinin dövlət səviyyəsində çox güclü şəkildə qorunduğunu bir daha təsdiqləyir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.