YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olunur

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.” Dövlət başçısı İlham Əliyev bu günlərdə Neftçala və Salyan rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində  hazırda sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların hansı mərhələdə olduğunu açıqlayaraq bildirmişdir ki, ötən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmasını qəbul edib. Bu, onu göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Bu addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.”

Azərbaycan Ermənistana sülh təklifini edərkən bunun masa üzərində uzun müddət qalmayacağını bəyan etmişdi. Bugünkü reallıqlardan göründüyü kimi, işğalçı dövlət 30 illik işğal dövründə havadarlarına arxalanaraq atdığı addımları yenidən təkrarlayır. Həmin dövrdə də sülh danışıqlarından yayınmaq, vaxt qazanmaq üçün təxribatlara əl atır, qeyri-ciddi bəyanatlarla diqqəti yayındırmağa çalışırdılar. Son iki ildən artıq dövrün reallıqlarını izlədikdə Ermənistanın sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün hərbi təxribatlar törətdiyini, dünyanın yenə də susmaqda davam etdiyini görürük. İşğalçı Ermənistan çox yaxşı anlayır ki, sülh təklifi onun üçün son şansdır. Dövlət başçısı İlham Əliyev müsahibəsində “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar” bəyanatı ilə Ermənistanı ciddi düşünməyə çağırış etdi və bildirdi ki,  niyyətimiz tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.

İkinci Qarabağ müharibəsindən keçən iki ildən artıq müddətdə  Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən  qüvvələr  Azərbaycanın  iradəsini, qətiyyətini, gücünü əyani şəkildə görüblər. “Dəmir yumruğ”un davamı olaraq “Qisas”, “Qətiyyətli cavab” kimi əməliyyatlar Azərbaycan Ordusunun artan gücünü nümayiş etdirdi. Bir daha sübut olundu ki, Azərbaycan hər bir təxribatın qarşısını qətiyyətlə alacaq.

Baxmayaraq ki, Ermənistan bu dərslərdən nəticə çıxarmayaraq yenə də hərbi təxribatlarını davam etdirir, törətdikləri təxribatlara və cinayətlərə görə layiqli cəzalarını alacaqlarına əminik. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla hansı imkanlara malik olduğunu Ermənistana və havadarlarına göstərdi. Əksər dünya gücləri ikili standartlara əsaslanan siyasətlərinə son qoyub ədaləti və beynəlxalq hüququ müdafiə etməklə qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olmağa dəstək göstərərlər. Sülh müqaviləsinin imzalanması bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması deməkdir ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açılması deməkdir.  Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar qoymurlar. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: “…mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada.”

DİGƏR Xəbərlər Arxiv