Xəbərlər
“Oftalmologiyanın mirvarisi”

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunan “Oftalmologiyanın mirvarisi” adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Konfransda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov konfransda çıxış edərək, ölkəmizin hər yerində Ümummilli Liderin və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və onun vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva haqqında dəyərli fikirlər səsləndirilir.
Bildirilib ki, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirən Zərifə xanımın gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi-tədqiqatların işlənməsində, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olub.
Sonra Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş etdirilib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Kamil Əhmədov Zərifə xanım Əliyevanın qazandığı böyük uğurların Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil etməsindən, elmi fəaliyyətinin çox zəngin və əhatəli olmasından söz açıb. Həmçinin fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etdiyini, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar apardığını bildirib.
Milli Məclisin deputatı İltizam Yusifov Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib.
Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev çıxış edərək, Zərifə xanımın öz mənalı həyat yolunu bütün varlığı ilə sevdiyi böyük şəxsiyyətlə - Ulu Öndər Heydər Əliyevlə bağladığını, ona dayaq olduğunu vurğulayıb. Zərifə Əliyevanın təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində dünyaşöhrətli alim, şəfqətli həkim, məğrur Azərbaycan qadını kimi daim yaşayacağını qeyd edib.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov sadəlik, genişürəklilik, xeyirxahlıq kimi xüsusiyyətlərin Zərifə xanıma hər yerdə dərin hörmət və məhəbbət qazandırdığını bildirib. O, tanınmış elm xadimlərinin Zərifə xanımın elmi fəaliyyəti və müsbət keyfiyyətləri haqqında dəyərli fikirlərini xatırladıb.
Göz həkimi Günel Sayılova çıxışında Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı naminə apardığı tədqiqat işlərindən danışıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələrinin Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etdiyini, onun səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasının yaradıldığını diqqətə çatdırıb.