Xəbərlər
Ulu Öndərin mənalı ömür yolu…

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı və Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Ulu Öndərin mənalı ömür yolunun hər anının, hər səhifəsinin bugünkü və gələcək nəsillərə nümunə və unudulmaz tarix olduğunu bildirib. K.Qurbanlı qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir. Bu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi ölkəmizin müstəqilliyini möhkəmləndirir, beynəlxalq aləmdə rolunu və nüfuzunu artırır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Taleh Cəfərov, 5 saylı şəhər ərazi partiya təşkilatının sədri Fərail Kazımov, 6 saylı şəhər ərazi partiya təşkilatının sədri Mirnəsib Kazımov və digərləri çıxışlarında ümummilli lider Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən danışıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.