YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamillik məktəbi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi və tibb elmi qarşısında xidmətləri çox zəngindir.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu əla qiymətlərlə bitirib.

Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir.

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım Əliyeva həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənərək, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətini hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Qeyd edək ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. 

Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva eyni zamanda övladlarına qayğıkeş ana, ümummilli lider Heydər Əliyevə vəfalı ömür-gün yoldaşı olub.

Zərifə xanım Əliyevanın həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi və  kamillik məktəbidir.