YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin inkişafında böyük potensial mövcuddur

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlətlərarası münasibətlərin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Keçirilən görüşlərdə dövrün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması, perspektivlərin müəyyənləşdirilməsi, əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması əməkdaşlıqda yeni mərhələnin başlanmasında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin hər bir səfəri ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək mühüm addımlarla yadda qalır.

Cənab İlham Əliyev aprelin 5-də Tacikistana rəsmi səfər etdi. Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə keçirilən görüşlərində iki dost ölkə arasında ayrı-ayrı sahələrdə əlaqələrin dünəninə, bu gününə diqqət yetirildi, perspektivlər açıqlandı.

Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir.  Hər iki ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə xüsusi diqqət yetirir. Görüşlərdə belə bir əminlik ifadə olundu ki, səfər çərçivəsində  əldə ediləcək razılaşmalar münasibətlərimizin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək. Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.

Səfərin mahiyyətini, müəyyənləşdirilən hədəfləri özündə ehtiva edən Prezidentlərin mətbuata birgə bəyanatlarında dövlət başçılarının     qeyd etdiyi kimi, iki dost ölkə arasındakı 30 illik diplomatik münasibətlər nəticəsində səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri təkmilləşdirilir, hər iki xalqın rifahına xidmət edən sanballı nəticələr əldə olunur. Qarşılıqlı etimada əsaslanan əlaqələrin yaranmasında və davamında Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edən Prezident Emoməli Rəhmonun “Hörmətli İlham Heydər oğlunun səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır” fikirləri  bir daha Azərbaycanın qurulan ikitərəfli  əlaqələrin gələcək inkişafı üçün möhkəm təməlin yaradılmasında daim maraqlı olduğunu nümayiş etdirir. Tacikistan və Azərbaycan sabit dövlətlərdir. Milli maraqlara əsaslanan siyasətlərini xalqların mənafelərinə uyğun təkmilləşdirirlər. Cənab İlham Əliyev iki ölkə arasında əlaqələrin gələcək inkişafından bəhs edərkən bildirdi ki, Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq: “Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.”

Bütün sahələrdə əlaqələr yüksək səviyyədədir. Tacikistandan olan 50-yə yaxın kursantın Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil almaları isə hər iki ölkənin müdafiə qüdrətinə verilən töhfədir. İki ölkə arasında elm və təhsil sahəsində münasibətləri də xüsusi qeyd etməliyik. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun, 2018-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi təhsil sahəsində əməkdaşlığımızın dünəninin və bu gününün aydın mənzərəsini yaradır.  Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.