YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etimad əsas amillərdən biridir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, etimad mühitinin yaradılması üçün səylər göstərir. Dövlətlərarası münasibətlərin inkişafında etimad əsas amillərdən biridir.

Dövlət başçısı İlham Əliyevin aprelin 5-də Tacikistana rəsmi səfəri bu baxımdan xüsusi diqqət çəkdi. Belə ki, Tacikistan Prezidenti Emoməli Rəhmon dövlət başçılarının mətbuata birgə bəyanatlarında bu fikri böyük inamla qeyd etdi ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər: “Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik. Mən qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətimizi həmişə səmimiyyətlə xatırlayıram. Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı.”

İki dost ölkənin əlaqələrinin inkişafında möhkəm təməlinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin rolunun xüsusi qeyd edilməsi bir daha ölkəmizin münasibətlərin qurulmasında hansı prinsiplərə xüsisi önəm verdiyini açıqladı. Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanın hər bir sahədə davamlı uğurlarını şərtləndirir, ölkəmizə qarşı inamı və etimadı daha da artırır. Bu gün Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması da özündə bu kimi məqamları ehtiva edir.

Dövlət başçısı İlham Əliyevin səfəri həm əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı kimi dəyərləndirildi. O da qeyd edildi ki, bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub. “Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib” söyləyən Tacikistan Prezidenti onu da əlavə etdi ki, danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçirdik, bizim üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi apardıq. İmzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib.

Danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Tərəflər beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildirdilər. Beynəlxalq məsələlər və regionda vəziyyət ətraflı müzakirə edildi. Prezidentlər mətbuata bəyanatlarında diplomatik münasibətlərin qurulduğu 30 ildə əlaqələrin yüksələn xətlə inkişafını xüsusi qeyd edərək belə bir əminliyi ifadə etdilər ki, səfər çərçivəsində danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağa əsas verir.