Xəbərlər
Xilaskarlıq missiyası
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı tərəfindən Mirzəyev adına ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” mövzusunda tədbir keçirilib.
Sonra rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.
Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Vurğulanıb ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 30 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyev rəhbərliyi ilə uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir qrup mədəniyyət işçisinə üzvlük vəsiqələri təqdim edilib.