YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağdaban soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda və Ağdaban soyqırımında canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilmiş faciələrdən söz açıb. O bildirib ki, 1992-ci ilin aprelində ermənilərin törətdikləri Ağdaban soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi yandırılıb, kəndin 800 nəfərə yaxın sakininə amansız işgəncələr verilib, qocalar, qadınlar, uşaqlar, gənclər vəhşicəsinə öldürülüb. Xeyli insan girov götürülüb və itkin düşüb. Hadisə zamanı ağdabanlı şair Qurbanın və onun oğlu Dədə Şəmşirin nadir və qiymətli əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Milli Məclisin deputatı Aqil Məmmədov qeyd edib ki, Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Qeyd olunub ki, 2020-ci ilin Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi, Ağdaban şəhidlərinin də qisası alınıb və bu gün onların ruhları şaddır.

Ağdaban faciəsinin şahidlərindən olan şəhid ailəsi Mütəllim Hüseynov, Nəsimi Səfərov və digər çıxış edənlər də 31 il əvvəl törədilən faciə haqqında danışıblar.