YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin aprelin 5-də Tacikistana səfəri iki ölkə arasında olan münasibətləri tamamilə yeni səviyyəyə çıxardı. Bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edirdi. Hər iki ölkənin dövlət başçıları istər  təkbətək və istərsə də geniş tərkibdə keçirilən görüşlərində Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.

Ölkələrimiz arasında qarşılıqlı münasibətlər və onun inkişafı həm Azərbaycanın, həm də Tacikistanın  böyük çətinliklərlə üzləşdiyi  1990- ci ilin əvvəllərinə təsadüf edir. Belə ki, o zaman Azərbaycanda olduğu kimi Tacikstanda da sabitlik pozulmuş, hər iki dövlət vətəndaş müharibəsi vəziyyətinə çatmışdı. Təqdirəlayiq haldır ki, o zaman hər iki ölkədə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə qardaş qırğınının qarşısını aldılar və ölkələrini inkişaf yoluna çıxara bildilər. Cənab İlham Əliyev öz çıxışında həmin tarixi məqamlara belə diqqət çəkdi: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.”

 Bu gün Tacikistanda ölkələrimiz arasında mövcud olan münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətlərinin olduğu ehtiramla xatırlanır. Bu ehtiramın ən bariz təzahürlərindən biri də gələn ay Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyinin bəyan edilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri zamanı hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatla etdikləri çıxışlarında bu məqamı xüsusi qeyd etdilər. 

Tacikistan və Azərbaycan arasında iqdisadi, siyasi münasibətlərin yaxşı olması ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük potensial var. Ölkələrimiz  arasında mədəni sahədə qarşılıqlı əlaqələr möhkəm təməl üzərində qurulub. Azərbaycan və tacik xalqları əsrlər boyu qarşılıqlı hörmət, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda isə Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.Tacik ədəbiyyatının klassiklərindən sayılan Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmış, sevilərək oxunmuşdur. Öz çıxışında dövlət başçımız bunu da qeyd edib ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub. Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Əlbəttə ki, bu faktlar bir çox mühüm məqamlara dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının azərbaycanlı sənətkarlara etibar edilməsi böyük etimaddan xəbər verir və səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Prezident İlham Əliyevin dediyi kimi, bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin yaradır.