YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin inkişafında yeni mərhələ

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri yüksələn xəttlə inkişaf edir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Cari ilin 5 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri münasibətlərin gələcəyi baxımından böyük əhəmiyyətə malikdir.  Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir. Dövlətimizin başçısı Tacikistana  səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan Prezident İlham Əliyevin dövlət səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Keçirilən görüşlərdə Azərbaycanla Tacikistan arasında əməkdaşlığın perspektivdə daha da genişləndirilməsinin zəruriliyini vurğulanıb. Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyət xüsusi qeyd edilmişdir. Eyni zamanda regional və beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu vurğulanmışdır. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Cənab İlham Əliyev Azərbaycan-Tacikistan əlaqələrinin tarixinə diqqət çəkərək bildirib ki, Sovetlər Birliyi dağılıdıqdan sonra  dostluq münasibətlərinin bərpa və inkişaf etdirilməsi prosesi 1990-cı illərdən başlayıb: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.”

Azərbaycan Prezidenti respublikamızın Tacikistanda in­vestisiya layihələrini ciddi nəzərdən ke­çirməyə hazır olduğunu bildirərək, bunu dost ölkənin bizə yaxın dövlət olması, orada sabitlik hökm sürməsi ilə əlaqələn­dirib: “İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərə­findən Tacikistanda fəal sərmayə qoyul­ması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”.  Tacikistan Prezidenti iqtisadi əməkdaşlığın perspektivlərindən danışarkən sənaye kooperasiyası sis­temində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların, habelə metal­ların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb. İqtisadi-ticari məsələlərlə, ümu­miyyətlə, səfərin nəticələri ilə bağlı bu il Tacikistanda keçiriləcək hökumətlərarası komissiyanın iclasına qədər müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası təşəbbüslərinin reallaşdırılması planlaşdırılıb. 

Tacikistan və Azərbaycan arasında iqdisadi, siyasi münasibətlərin yaxşı olması ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük potensial var. Tacik ədəbiyyatının klassiklərindən sayılan Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmış, sevilərək oxunmuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlimövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır” Tacikistanın dövlət başçısı deyib: “Hörmətli İlham Heydər oğlunun səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib”

Dövlət səfəri çərçivəsində ölkələrimiz arasında bir sıra mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və digər protokol və sazişlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin tamamilə yeni, daha yüksək inkişaf mərhələsinə keçidini təmin edəcək. İmzalanan sənədlər arasında "Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol"da mühüm əhəmiyyətə malikdir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında yüksək səviyyə­də olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhvə verəcək.