YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” qəzetinin kollektivinə

Bu gün milli mətbuatımızın inkişafında özünəməxsus yeri və rolu olan “Yeni Azərbaycan” qəzetinin ilk sayının işıq üzü görməsindən 30 il ötür.

“Yeni Azərbaycan” qəzeti olduqca çətin və mürəkkəb dövrdə - müstəqilliyini yeni bərpa etmiş Azərbaycan üçün taleyüklü məqamda, Ermənistanın ölkəmizə təcavüzü və torpaqlarımızın işğalı şəraitində yaranmışdır. O vaxt respublikada hökm sürən xaos, tənəzzül və böhran vəziyyətində xalqın təşkilatlanması, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunması, ölkəmizin ərazi bütövlüyünə qarşı təcavüzün qarşısının alınması və müstəqil dövlət quruculuğunun həyata keçirilməsi zərurətə çevrilmişdi. Belə bir şəraitdə cəmiyyətin qabaqcıl nümayəndələrindən ibarət bir qrup ziyalının müraciəti əsasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası yeni, müstəqil Azərbaycan uğrunda tarixi-siyasi məsuliyyəti öz üzərinə götürmüş, real müstəqilliyin təmin olunması və dövlətçiliyin qorunması uğrunda məqsədyönlü və hərtərəfli fəaliyyət göstərməyə başlamışdı. “Yeni Azərbaycan” qəzeti də Heydər Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyasının ideya-siyasi xəttini, ölkədə baş verən proseslərin əsl mahiyyətini xalqa çatdırmaq, insanların milli məqsədlər ətrafında səfərbər olunmasına – sıx birləşməsinə dəstək göstərmək, vətənpərvər şəxsiyyətlərin real tribunasına çevrilmək məqsədilə 1993-cü il 10 aprel tarixində partiyanın rəsmi orqanı kimi təsis edilmişdir.

Dövlətə və dövlətçiliyə xidmət etməyi fəaliyyətinin əsas prinsipi kimi müəyyənləşdirən bu mətbu orqan Heydər Əliyevin milli maraqlara əsaslanan siyasətinin və zəngin ideyalarının ruporu, Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyətinin təbliğatçısı kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, milli həmrəyliyə xidmət edən mütərəqqi ideoloji siyasətə ardıcıl dəstək verərək mühüm işlər görmüş, qısa zamanda böyük nüfuz qazanaraq respublikada aparıcı mətbu orqanlardan birinə çevrilmişdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 2002-ci il noyabrın 26-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə “Yeni Azərbaycan” qəzetinin fəaliyyətini yüksək dəyərləndirmişdir.

Sağlam ictimai rəyin formalaşmasına, tarixi ənənələrimizin və milli-mənəvi dəyərlərimizin yaşadılmasına əhəmiyyətli töhfələr verən “Yeni Azərbaycan” qəzeti bu gün də Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəslə aşılanmasında, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin, ümumxalq partiyası olan YAP-ın fəaliyyətinin təbliğində, Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır, respublikanın tərəqqisi yönündə həyata keçirilən uğurlu dövlət siyasətinə ardıcıl informasiya dəstəyi göstərir. 44 günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə reallıqları geniş ictimaiyyətə çatdıran və erməni yalanlarını ifşa edən “Yeni Azərbaycan”, sözün əsl mənasında, vətənpərvərlik nümunəsini ortaya qoymuşdur.

İnformasiya müstəvisində dövlətin mənafelərini məharətlə qoruyan, cəmiyyəti obyektiv məlumatlarla təmin edərək ictimaiyyətin informasiya tələbatını ödəyən və doğru xəbərin ünvanına çevrilən “Yeni Azərbaycan” qəzetinin səhifələrində müstəqillik dövrümüzün tarixi salnaməsi öz əksini tapmışdır. 30 ildir ki, dövlətimizin informasiya təhlükəsizliyinin keşiyində duran “Yeni Azərbaycan” qəzeti bu gün dövrün çağırışlarına, tələblərinə uyğun və müasir standartlar əsasında nəşr olunur. Məzmun və tərtibat baxımından təkmilləşən qəzetin səhifələrində xəbərlərlə yanaşı, ictimai maraq doğuran aktual məsələlərə dair təhlil və araşdırma xarakterli yazılara geniş yer verilməkdədir.

Şübhə yoxdur ki, milli mətbuatımızın nümunəvi nəşrlərindən olan, ənənə ilə müasirliyin vəhdətini yaradan “Yeni Azərbaycan” qəzeti bundan sonra da Azərbaycanın möhtəşəm nailiyyətlərinin və tarixi qələbələrinin müjdəçisi olacaq, ideoloji müstəvidə və informasiya platformasında milli maraqların müdafiəsinə dəyərli töhfələr verəcəkdir.

“Yeni Azərbaycan” qəzetinin kollektivini 30 illik yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı

10 aprel 2023-cü il