YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük quruculuq işləri…

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

"Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin olunmuş xüsusi nümayəndəsinin qəbulu zamanı 1992-ci ildə Laçın rayonunun işğal səbəbindən, işğaldan azad edilmiş Laçın rayonunda aparılan böyük quruculuq işlərindən, eləcə də Avropa Parlamentində anti-Azərbaycan qruplaşmasının, xüsusən Fransadan olan deputatların təşəbbüsü ilə Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsi barədə fikirlər söylədi. Laçın AXC - Müsavat cütlüyünün hakimiyyət uğrunda apardığı çirkin oyunlarının qurbanı olmuşdur. Qarabağda qanlı döyüşlərin getdiyi vaxtda AXC-Müsavat cütlüyünə daxil olan şəxslər xəyanatkarlığa yol verərək, hərbçiləri Bakıya gətirərək silah gücünə, zorla hakimiyyəti ələ keçirməyə çalışırdılar. Nəticədə Laçın demək olar ki, müdafiəsiz qalmışdı. Laçın işğal olunandan 1 ay sonra AXC-Müsavat cütlüyü qanunsuz yolla hakimiyyəti ələ keçirdi. Laçın rayonundan sonra Kəlbəcərin də işğal edilməsi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətilə Ermənistanın coğrafi bağlantısı yaranmış oldu və bununla da I Qarabağ müharibəsində məğlubiyyətimizin əsası qoyuldu". Hər kəsə yaxşı məlumdur ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə, yəni Azərbaycanın dədə- baba torpaqları ilə Ermənistan ərazisi arasında Laçın rayonu çox mühüm əhəmiyyətə malik coğrafi ərazidir. Mənfur, xain qonşularımız tərəfindən bütün sözü gedən dünya təşkilatlarının gözü qarşısında Laçın rayonu işğal olundu. Ermənistan demək olar ki, rayonun bütün infrastrukturunu məhv etdi. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. Meşələri, təbii sərvətləri, yaşayış evləri, tarixi abidələri qanunsuz dağıdıldı, yandırıldı, istismara məruz qalaraq talan edildi. Eyni zamanda işğal dövründə ermənilər beynəlxalq konvensiyalara görə hərbi cinayət edərək xaricdə yaşayan erməni ailələrini qanunsuz olaraq Laçın şəhərinə və kəndlərinə yerləşdirmişlər. Laçın rayonunun işğal olunması Azərbaycanda bəzi üzdəniraq siyasi qüvvələrin də dəyirmanına su tökdü. Onların xəyanəti ölkədə yaranan özbaşınalıq və hərcmərclik nəticəsində 1993-cü ilin aprelində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu.

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir.
Ölkə rəhbəri qeyd etdi ki, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözü gedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur. Laçının etibarlı müdafiə olunmasının xüsusi əhəmiyyəti var idi. Lakin həmin vaxt dövlət rəhbərləri tərəfindən Laçının müdafiəsinin təmin olunması üçün heç bir tədbir görülmədi.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var. Yalnız Laçında deyil, ümumən Şərqi Zəngəzurda, Qarabağda bir çox İlklərə imza atılıb. Prezidentin müvafiq Sərəncamlarına əsasən tikilən yollar, salınan körpülər, qazılan tunellər... nəinki 30 illik işğal dönəmində olmayıb, heç Sovet dönəmində də olmayıb. Sovet dönəmində Füzulidə, Zəngilanda, Laçında hava limanının heç layihəsi olmayıb...

Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, yeni idarəetmə üsulu tətbiq edilməlidir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.

Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək. Bütün bu görülən layihələr və aparılan abadlıq-quruculuq işləri Laçın rayonunun və bütün bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq və bütün keçmiş məcburi köçkünlər, o cümlədən, Laçın rayonunun sakinləri tezliklə öz doğma yurdlarına qayıdacaqlar.