YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sağlam münasibətlər...

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürüdür.

Siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir. Bu, iqtidarın digər siyasi partiyalarla formal təmaslarını əks etdirmir. Burada iki başlıca məqsəd müəyyənləşdirilib: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır. Azərbaycan Prezidentinin yüksək nüfuzu və reytinqi, xalqın dəstəyi milli maraqlara əsaslanan istənilən qərarın qəbulunu və icrasını mümkün edir.

Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, ölkədə siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yaranması və bütün bunların nəticəsi olaraq artıq Azərbaycanda sağlam siyasi dialoq mühiti formalaşmaqdadır.

Siyasi dialoq həm də bir milli birlikdir, siyasi bütövlükdür. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşmaqdadır.

Bu gün ölkəmizdə davamlı olaraq müşahidə olunan dinamik inkişaf, sürətlə dəyişən reallıqlar və müəyyən olunan yeni obyektiv amillər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların effektivliyini vurğulayır və bu islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir.