YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanizm örnəyi...

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Martın 28-də dövlətimizin başçısı Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul etmişdir. Qəbul zamanı etdiyi çıxışında Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər hər zaman olduğu kimi aktuallığı və əhatəliliyi ilə diqqəti cəlb edir, qarşıda duran vəzifələrin konseptual məzmununu özündə aydın şəkildə əks etdirir.

Çox böyük potensiala malik olan Laçın respublikamızın ən iri rayonlarından biridir. Lakin 1992-2020-ci illər ərzində davam edən işğal dövründə bu potensiala sarsıdıcı zərbələr vurulmuş, rayon ölkəmizin işğal altında olan digər əraziləri kimi, misli görünməmiş dağıntılara və talançılığa məruz qoyulmuşdur. İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Həmçinin Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Məlum olduğu kimi, işğal olunmuş ərazilrdə coğrafi adların dəyişdirilməsi,  təbii resurslarının talan edilərək qazanc mənbəyinə çevrilməsi, qeyri-qanuni məskunlaşma həyata keçirilməsi bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Rəsmi irəvan isə işğal dövründə bütün bu cinayət əməllərini Azərbaycanın işğal altında olan digər ərazilərində olduğu kimi, Laçın rayonunda da həyata keçirmişdir. O cümlədən ermənilər Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə bu rayonda məskunlaşdırmaqla demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olublar. Dünya ictimaiyyəti isə bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır. Əksinə, 30 ilə yaxın müddət ərzində, üzərilərinə vasitəçilik missiyası götürmüş ATƏT-in keçmiş Minsk qrupu kimi beynəlxalq qurumlar əslində münaqişənin həlli üçün deyil, onun dondurulması üçün çalışırdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu vəziyyətlə barışmayacağını ötən illər ərzində dəfələrlə birmənalı olaraq bəyan etmişdi. Nəhayət 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan öz legitim hüquqlarından istifadə edərək ölkənin ərazi bütövlüyünü və beynəlxalq hüququ bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan erməni işğalına birdəfəlik son qoydu.  

Qeyd etmək lazımdır ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarının artıq qan tökülmədən azad olunması əslində Azərbaycanın Vətən müharibəsində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə Qələbə qazandığını təsdiq edən ən möhtəşəm məqamlardan biridir. Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi. Məlumdur ki, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir. Ancaq Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolunun Laçın şəhərinin ortasından keçməsi səbəbindən bu şəhər Azərbaycanın nəzarətindən kənarda qalmışdı. Lakin 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Azərbaycan Prezidentinin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi. Azərbaycan bu yeni yolun özünə aid olan hissəsni cəmi 1 il 8 aya başa çatdırdı. Bundan sonra Azərbaycan dövləti rəsmi qaydada bildiriş göndərdi ki, avqustun 2-də yol hazırdır və avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur. Bu zaman çox maraqlı bir hadisə baş verdi. Belə ki, Qarabağda yaşayan ermənilər Prezident İlham Əliyevə müraciət etdilər və xahiş etdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, cənab  Prezidentimiz yenə də humanistlik göstərərək onlara bu imkanı verdi. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu bir güllə belə atmadan Laçın şəhərinə daxil oldu. Bu, sözsüz ki, böyük tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, 26 avqust tarixini biz heç vaxt unutmamalıyıq.

Bu gün isə azad olunmuş digər ərazilərimiz kimi, artıq Laçının da bərpası tam sürətlə davam edir. Dövlətimizin başçısı öz çıxışında da vurğuladı ki, Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması qarşıda duran əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Rayonda tarixən heç zaman yol olmayan ərazilərdə müasir yollar salınır. Laçın və Kəlbəcər rayonlarında artıq 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar inşa edilib. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilsə də, Laçın şəhərinin yenidən qurulmasına keçən ilin avqustun 26-dan başlanıb. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Həmçinin Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.

Bu işlərə paralel olaraq Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Cənab Prezidentin verdiyi açıqlamalara görə, bu il və gələn il Laçın rayonuna təqribən 10 min nəfərdən artıq keçmiş köçkün vətəndaşlarımızın yerləşdiriləcəyi nəzərdə tutulub. Həmçinin Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.

Bu gün Azərbaycan Ermənistanla sərhədi istiqamətində çox əlverişli mövqelərə sahibdir və bu mövqelərdə öz gücünü daha da artırır. Həmçinin Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Prezident İlham Əliyevin söylədiyi kimi, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.