YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xaçmaz rayon təşkilatı fəalları Quba soyqırımı məzarlığını ziyarət edib

Martın 30-da YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, bir qrup ərazi partiya təşkilatı sədrləri və rayonun fəal gəncləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Partiya fəalları ərazidəki kütləvi məzarlığı və Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Komplekslə tanışlıqdan sonra YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov xatirə kitabına ürək sözlərini yazıb. Bildirib ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir. Azərbaycan gəncliyi faciələrimizi  unutmamalıdır.