YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında zirvələr fəth edir

Abşeronda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Abşeron rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə “Heydər Əliyev Abşeronda” adlı fotosərgiyə baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışıb. O, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu bildirib. Abbas Əliyev vurğulayıb ki, bu gün müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələr fəth edir.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur: “Heydər Əliyev ideyaları Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb. Ölkəmiz bundan sonra da Heydər Əliyev yolu ilə irəliləyərək zirvələrə yüksələcək”.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov vurğulayıb ki, Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır: “Ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq daim özünü göstərib. O, Azərbaycan dövlətini tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır. Bu məsuliyyətli işin öhdəsindən isə müdrik siyasəti ilə gəlmişdir”.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.

YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov bildirib ki, xalqımız üçün müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb.

Tədbirdə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən  müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova və Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi İlqar Vəliyevin oğlu, YAP Abşeron rayon təşkilatının fəal üzvü Vəli Vəliyev çıxış edərək vurğulayıblar ki, Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub, xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Qeyd olunub ki, bu gün xalqımız Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.

Sonda YAP sıralarına yeni qoşulmuş qazilərə üzvlük vəsiqələri təqdim olunub.