YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YENİ Klub” çoxşaxəli layihələr reallaşdıracaq

Martın 28-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “YENİ Klub”un təsis toplantısı keçirilib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov ali təhsil müəssisəsində tələbələrin ictimai fəallığını artıran və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Daha sonra AƏSMA-nın nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Mülayim Salmanzadə və klubun koordinatoru Ayxan Hüseynzadə təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.  

Sonda xatirə fotosu çəkdirilib.