YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni xislətinin ən bariz nümunəsi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

31 Mart soyqırımı ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi. Məhz Ümummilli Lider   1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzaladı. Fərmanda bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. O da bildirilir ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir.

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Şamaxı hadisələri ilə əlaqədar tədqiqat işləri hələ də davam etdirilir. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.

Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqatlar sübut etdi ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər.

Bunlar erməni vəhşiliklərinin az bir hissəsidir. Son dövrlərin araşdırmaları nəticəsində nə qədər yeni faktlar aşkarlanıb. Bu məqamı da xüsusi qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Ğümhuriyyəti İli” elan etməsi, eyni zamanda, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə imkanlar yaratdı. Bu Sərəncamlar Azərbaycan Prezidenti İlham Əliyevin  dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyər, həmçinin tarixi həqiqətlərimizin  təbliğinə göstərdiyi diqqətin bariz nümunəsi idi. Cənab İlham Əliyev hər zaman tariximizin öyrənilməsinə, təhrif edilməsinə yol verməməyə çağırışlar edir. Azərbaycanın çoxəsrlik tarixinin hər bir səhifəsi bizim üçün əzizdir.