YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm vəzifə...

Emin Bağırov

Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri olduqca uğurlu keçdi. Səfər çərçivəsində Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü beynəlxalq aləmdə maraqla izləndi. Prezident İlham Əliyevin müzakirələrdə toxunduğu məsələlər əsasən yeni çağırışlarla bağlıdır. Bunlardan biri, məsələn, tranzit yüşdaşıma potensialının daha da artırılmasıdır. Bax, bu səbəbdən də indi Mərkəzi Asiyadan Azərbaycana doğru uzanan marşrutla artan yükdaşıma tələbinin ödənilməsi qarşıda mühüm vəzifə kimi durur. Bunun üçün çox iş görülməlidir. Yeri gəlmişkən, diqqəti mühüm bir məqama yönəltmək istərdim. Belə ki, hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Gələn il bu investisiya layihəsinin tamamlanacağı planlaşdırılır. Həmin vaxtdan sonra yükdaşımanın bir milyon tondan beş milyon tonadək artacağı gözlənilir. Onu da xatırladım ki, Azərbaycanın bu layihəyə əlavə investisiyasının 120 milyon ABŞ dollarından çox olacağı proqnozlaşdırılır. Bu məsələdə digər bir məqam isə odur ki, tranzit üzərində yerləşən dar keçidlərin də genişləndirilməsi prioritet istiqamətdir. Məsələn, Bakı Dəniz Ticarət Limanının 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsi layihəsi bunun bariz ifadəsidir. Yeri gəlmişkən, hazırda texniki əsaslandırma tamamlanma mərhələsindədir. Yükdaşımalarda həll ediləcəyinə zərurət duyulan problemlərdən biri də gömrük idarəçiliyinin inteqrasiyasıdır. Bu baxımdan Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi gündəlikdə duran mühüm məsələlərdən biridir. Burada tariflərə yekdil yanaşmanın olması da diqqətdə saxlanılır. Bu, o deməkdir ki, yükdaşımada tranzit keçən ölkələrdə tarif eyni həcmdə olmalıdır. Eyni zamanda, bu məsələdə şəffaflıq, mükəmməl idarəetmə və idarəçilik də yükdaşımanın səmərəliliyini şərtləndirən önəmli amillərdir. Belə bir məqamda digər bir nəqliyyat  infrastrukturuna – Şimal-Cənub dəhlizinə xüsusi diqqət yetirilməsi onun Azərbaycanın ərazisindən keçməsi ilə əlaqədardır. Belə ki, Azərbaycan yükləri təkcə Şərqdən Qərbə deyil, həm də Şimaldan Qərbə, həmçinin Cənubdan Qərbə ixrac və ya tranzit edir. Bu şəraitdə isə respublikamızın dəmir yolu infrastrukturuna, dəniz limanına və magistral yola təzyiq artır. Deməli, sadalanan infrstrukturların artan yüklərin həcminə uyğunlaşdırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi zəruridir. Xatırladım ki, Azərbaycanın şaxələndirilmiş dəmir yolu sistemi var. Lakin bu infrastrukturda da müəyyən həyata keçirilməli tədbirlərə zərurət duyulur. Məsələn, qatarlarımızın sürətini artırmaq üçün dəmir yolları təkmilləşdirilir. Bu, tranzit müddətini daha da qısaltmaq məqsədi daşıyır. Şübhəsiz ki, bütün bu proseslər Xəzərin şərq sahillərində olan təsisatlarla koordinasiya şəraitində edilməlidir, Aktau, Kurık, Türkmənbaşı və Bakı limanları bir mexanizm kimi fəaliyyət göstərməlidir.

Belə halda isə tranzitin həcmi və biznes üçün əlverişli olacağı gözlənilir.

Sonda qeyd edim ki, respublikamız nəqliyyat infrastrukturunun müasirləşməsi üçün bundan sonra da müəyyən layihələr həyata keçirməyi planlaşdırıb. İstər quru yük gəmisi, istərsə də tankerlərin inşasının davam etdirilməsi nəzərdə tutulub. Eyni zamanda, Şimal-Cənub xəttində qatarların sürətini artırmaq qərara alınıb.  Azərbaycan hazırda Bakıdan Rusiya sərhədinə qədər dəmir yolunun yenidən qurulmasına investisiya yatırır. Bir neçə il ərzində bu prosesin tamamlanacağı gözlənilir. Respublikamız, həmçinin Cənub istiqamətində gedən dəmir yolunun istiqamətini dəyişməyi planlaşdırır. Çünki hazırda o, birbaşa Xəzər dənizinin sahilinə gedib çıxır. Bütün bunlar isə açıq dənizə birbaşa çıxışı olmayan Azərbaycanın artıq mühüm nəqliyyat qovşağına çevrildiyini, təkcə Şərqdən Qərbə və əks istiqamətdə deyil, həm də Şimaldan Cənuba və Şimaldan Qərbə uzanacaq magistral dəmiryolu xətinə malık olması deməyə əsas verir.