YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətə və beynəlxalq hüquqa söykənən mövqe

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə diqqətdədir.  Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda dövlətimizin başçısının proqram xarakterli çıxışında Bakı Forumunun beynəlxalq nüfuzunu artıran amillərə, gələcək fəaliyyətinə, iştirakçı dövlətlərin say tərkibinin artması fonunda aktual məsələlərin həllinə töhfələrin verilməsinə diqqət yönəldildi. Cənab İlham Əliyev bu mühüm tədbirin təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğuladı: “Burada 60-dan çox ölkədən 350-dən artıq iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır.”

Dünya gündəliyinin ölkəmizdə müzakirə edilməsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsində öz sözünü deyir. Cənab İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın istər koronavirus infeksiyasına qarşı mübarizə tədirlərində, istərsə də hazırkı postmünaqişə dövründə Azərbaycanın çağırışlarından və onların həyata keçirilməsi üçün atdığı addımlardan bəhs etdi.

Dövlət başçısının X Qlobal Bakı Forumunda xüsusi olaraq toxunduğu məsələlərdən biri də Qarabağ münaqişəsinin həlli ilə bağlı oldu. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasının sonda hansı nəticəyə gətirib çıxardığını əsaslı şəkildə qeyd edən Prezident İlham Əliyev Ermənistana və beynəlxalq ictimaiyyətə bir sıra mühüm çağırışlarını çatdırdı, ümumilikdə münaqişələrin həlli prosesi ilə bağlı Azərbaycanın təcrübəsini təqdim etdi. Dövlət başçısı bildirdi ki, Qarabağ münaqişəni dinc yolla həll etmək mümkün olmadı, səbəbi də bəllidir.

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupu 28 ildə heç bir nəticə əldə etmədi. Münaqişənin dondurulmasına cəhdlər diqqətdən kənarda qalmırdı. Dünyanın ikili standartlara əsaslanan siyasəti, işğalçı dövlətə himayədarlıq Ermənistanda bir arxayınlıq yaratdı. Hətta, yeni ərazilər uğrunda müharibə planlarını hazırladı. Nəticədə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də qarşı çıxdı, onlara məhəl qoymadı və beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. Azərbaycan özünümüdafiə hüququndan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdi. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.

Prezident İlham Əliyevin Qarabağda yaşayan erməni azlığı ilə bağlı fikirləri də xüsusi qeyd etməliyik. “Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir” söyləyən cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir.