YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hesablaşmaq məcburiyyətindədirlər...

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırışlar- yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik və digər mühüm mövzular barədə müzakirələr aparılıb.

Bakı Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu bir tədbirdir. Hətta bir çox istiqamətlərinə görə daha öndədir. Çünki  Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Qlobal Bakı Forumu isə universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir.  Ona görə də Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan olmuşdur. Ölkəmiz öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir. Azərbaycan hər zaman Cənubi Qafqazda böyük və davamlı sülhün bərqərar olmasına çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılışında söylədiyi dərin məzmunlu çıxışı zamanı bir daha region və dünya əhəmiyyətli məsələləri qabartdı, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu, Ermənistana mühüm mesajlar verdi: “Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. Beləliklə, hazırda sülh üçün vaxt yetişib. Bununla belə, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.” Bəli, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan xarici dairələrin vassalına çevrilib. Müstəqil qərar almaq iqtidarında deyillər. Ancaq Ermənistan dərk etməlidir ki, Azərbaycan kimi güclə hesablaşmamaq faktiki özünəqəsd olacaq. Dövlət başçımızın Azərbaycanın mövcud hərbi potensialını bir çox çıxışlarında  xatırlatması da təsadüfi deyil. Yəni, Ermənistan artıq təxribatların heç bir nəticə verməyəcəyini, silahlanmanın əbəs olduğunu dərk etməyə məcburdur. Onlara verdiyimiz bu son şansı düzgün dəyərləndirməlidirlər.

Hər keçən gün Azərbaycan Cənubi Qafqazdan Orta Asiyaya kimi intellektual mərkəzə çevrilir. Dünya gücləri həm də başa düşürlər ki, Azərbaycansız Cənubi Qafqazda öz varlıqlarını qoruya bilməzlər. Bütün hallarda Azərbaycanla hesablaşmaq məcburiyyətindədirlər. Bu baxımdan dünya dövlətləri  bir çox sahələr üzrə Azərbaycanla əməkdaşlığa can atırlar.