YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik, uzaqgörən, fədakar siyasətçi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX yüzilliyin son onilliyinə müstəqil bir dövlət kimi daxil oldu. Bu dövr dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə əlamətdardır. Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmamış, nəhayət, əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatmış, öz müstəqilliyinə nail olmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi dünyada, keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi. Müstəqillik uğrunda genişlənən azadlıq hərəkatı Azərbaycan xalqını ayağa qaldırdı və onun qarşısında tarixi bir vəzifə qoydu. Azadlıq və müstəqillik uğrunda xalqımızın inadla apardığı prinsipial mübarizənin məntiqi nəticəsi olaraq nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əsrin əvvəllərində itirilmiş müstəqilliyimiz bərpa olundu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və doxsanıncı illərin əvvəllərində ölkədə yaranmış dərin siyasi hakimiyyət böhranı, Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan müharibəsi, erməni millətçi silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı dövlət müstəqilliyimizin taleyini təhlükə qarşısında qoydu. Azərbaycanı labüd təhlükədən-vətəndaş qarşıdurmasından yalnız ümummilli lider Heydər Əliyevin  hakimiyyətə gəlməsi xilas etdi.

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi idi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimiz haqqında deyirdi: “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir”. Bunun üçün Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyubdur. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlətçilik ənənələrini yaşatmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkə vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların normal yaşaması üçün lazımi şərait yaratmaq hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəd, ən müqəddəs vəzifədir.

Ümummilli Liderin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşdirildi, müasir Azərbaycan dövlətinin qurulması prosesi başlandı və xalqımız həqiqi müstəqillik arzusuna çatdı. Müasir Azərbaycan dövlətinin  qurucusu və memarı kimi Ümummilli Lider qısa zamanda misilsiz xidmətləri ilə tariximizin parlaq səhifəsini yazdı.

Müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və social inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü oldu.

Azərbaycan Respublikası qədim tarixə, zəngin mədəniyyətə, böyük təbii sərvətlərə malikdir. Dövlət müstəqilliyi isə bunların hamısından Azərbaycan Respublikasının gələcək inkişafı üçün səmərəli istifadə etməyə şərait yaradır.