YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyada ilk dəfə…

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əsas yer tutur. Son illərdə bu istiqamətlərdə ölkəmizin qazandığı uğurlara diqqət yetirmək kifayətdir.  Reallıq budur ki, region və dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, sözünün imzası qədər əhəmiyyəti olan ölkə kimi qəbul edirlər.  Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bu kimi məqamlara işıq saldı. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin prezidentlərinin, üç ölkənin vitse-prezidentlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatılması müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasının göstəricisi oldu. Hazırda ölkəmiz bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bu baxımdan, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi çərçivəsində özünün ən uğurlu dövrünü yaşayır.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb.  Azərbaycan sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə etməklə diqqətdədir.  Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də ölkəmizin  qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Belə ki, türk dünyasının pandemiyaya qarşı mübarizədə birgə səylərinə nail olmaq üçün Türk Şurasının  Zirvə görüşünün keçirilməsi təşəbbüsünün ardınca Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsinin  zəruriliyini  bildirdi. Bu təşəbbüslər reallığa çevrildi. Cənab İlham Əliyevin qlobal həmrəyliyə xidmət edən növbəti təşəbbüsü diqqətdə oldu. Belə ki, dövlət başçısı  BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin vacibliyini bəyan etdi. 2020-ci ilin dekabrında bu təşəbbüs də gerçəkləşdi. Azərbaycan hər zaman birləşdirici, sabitləşdirici aktor kimi diqqətdə olub. Azərbaycanın sədrliyinin koronavirus pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Cənab İlham Əliyevin  martın 2-də keçirilən Zirvə görüşündəki çıxışında müxtəlif məsələlərə diqqət göstərməsi Qoşulmama Hərəkatının dünya siyasətində əhəmiyyətli rol oynadığını  bir daha nümayiş etdirdi. Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi atılan hər bir addımda əhəmiyyətli rol oynayır. “Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır.

Bu çağırışlar Azərbaycanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə üz-üzə qaldığı ikili standartlar siyasətinə işıq salır. Azərbaycan 30 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözlədi. Cənab İlham Əliyevin Zirvə görüşündə BMT sistemində islahatların aparılması məsələsinə xüsusi diqqət yönəltməsi də Azərbaycanın 30 illik işğal dövründə yaşadıqlarının təqdimatı oldu. BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil.  Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.