YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü

Anar Məmmədov

Milli Məclisin deputatı

Müstəqil Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa böyük hörmətlə yanaşmış, üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirmiş, humanizm, ədalət, bərabərlik prinsiplərini daim rəhbər tutmuşdur. İstər daxili, istərsə də xarici siyasətdə öz mövqeyini və prinsiplərini qoruyan dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunmuşdur. Bunun nəticəsidir ki, ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. 2019-cu ildən etibarən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib.  

Dünən 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, həmçinin müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana bir sıra siyasi və diplomatik üstünlüklər gətirib, bu müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Belə bir mötəbər quruma rəhbərlik etmək və dünya ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist, uzaqgörən siyasətinin göstəricisi idi. Bu, həm də dövlətimizin milliyətindən asılı olmayaraq dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani isbatıdır. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə növbəti dəfə keçirilən Zirvə görüşündə bütün bu və digər mühüm məsələlərə toxunuldu və maraqlı müzakirələr aparıldı. Biz bir daha gördük ki, pandemiyanın ağır faciələrindən qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacib idi.

Ölkəmizin Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyətinin nəticəsidir ki, təşkilata üzv dövlətlərin yekdilliklə səs verməsi nəticəsində Azərbaycanın daha bir il – 2023-cü ilin sonunadək quruma sədrlik etməsi barədə qərar qəbul olunmuşdur. Məqsəd və məramı  sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi olan qurum bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır,  ölkələrin daxili işlərinə qarışmamaq  prinsiplərini öndə saxlayır.  44 günlük Vətən müharibəsində  də diqqət çəkən bir məqam Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana hörmətini, ən əsası ədalətə dəstəklərini nümayiş etdirdi. 

Prezident İlham Əliyev Zirvə görüşündə bir daha mötəbər beynəlxalq tribunadan  Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə bir daha dünyaya bu reallığı çatdırdı ki, ədalət və beynəlxalq hüquq mövcuddur və bunun üçün vahid mexanizmin müəyyənləşdirilməsi əsasdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında da bildirdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

Beləliklə, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verdi, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atdı.