YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi gücün və yüksək nüfuzun ifadəsi…

 “Uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlar müstəvisində aktiv fəaliyyəti ilə müşahidə olunur. Bu gün birmənalı olaraq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Hazırda ölkəmiz bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bu baxımdan, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi çərçivəsində özünün ən uğurlu dövrünü yaşayır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Millət vəkilinin sözlərinə görə, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi mühüm hadisədir. Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, yüksək vəzifəli nümayəndələrinin və bir sıra mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etməsi Azərbaycanın dünyada güclənən mövqeyinin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Zirvə görüşündə dərinməzmunlu çıxış edərək bir çox məsələlərlə bağlı mövqeyini ifadə etdi. Dövlət başçısının dediyi kimi, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. “Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Çünki bu problem qlobal xarakter daşıyır. Ermənistanın ölkəmizə qarşı mina terrorunun ağır nəticələri beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanla yanaşı bir sıra ölkələr də bu problemdən əziyyət çəkirlər.  İnanırıq ki, dövlətimizin başçısının əvvəlki təklifləri dəstəkləndiyi kimi bu təklifi də Qoşulmama Hərəkatının üzvləri tərəfindən dəstəklənəcək. Bundan əlavə, Prezident İlham Əliyev Fransanı vaxtilə müstəmləkə altında saxladıqları xalqlara qarşı cinayətlərinə görə həmin xalqlardan üzr üstəməyə çağırıb. Çünki Fransanın məlum cinayətləri bütün insanlığa qarşı yönələn cinayətlərdir”,- deyən Pərvin Kərimzadə əlavə edib ki, Zirvə görüşünün iştirakçıları Azərbaycanın irəli sürdüyü təşəbbüsləri və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini çox yüksək qiymətləndiriblər. Bu kimi faktlar dövlətimizin və Prezidentimizin beynəlxalq miqyasda siyasi gücünün, yüksək nüfuzunun ifadəsidir.