YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnformasiya cəbhəsində də üstünük!

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan xarici siyasət uğurları ilə daim diqqətdədir. Dövlətimizin siyasətində ədalətə və beynəlxalq hüquqa xüsusi önəm verməsi yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin bu günlərdə Bakıda keçirilən  Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında yer alan çağırışlarına, təkliflərinə, əlaqələrimizin gələcəyi ilə bağlı proqnozlarına diqqət yetirmək kifayətdir.

Hər dövrün öz reallıqları və onların fonunda yeni tələbləri vardır. Azərbaycan iki il bundan öncə ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Əksər dünya gücləri bu reallıqları qəbul edərək regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylərini göstərəcəklərini bildirdi və bunu fəaliyyətləri ilə təsdiqləyirlər.

Yeni reallıqlar dünya düzəninin yenidən formalaşdırılmasını bir tələbə çevirir. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatıın bu prosesdə fəal iştirakı dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı bildirmişdir: “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.”

Bu mühüm məqamı da qeyd edək ki, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Təsadüfi deyil ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alındı.

Qoşulmama Hərəkatı hazırda dünya siyasətində əhəmiyyətli rol oynayan platformadır. Azərbaycan bu platformadan bütün tarixi həqiqətləri, hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərini dünya ictimiyyətinə çatdırır. Bu torpaqlarımız erməni vəhşiliklərinin təqdimatıdır. Cənab İlham Əliyev Zirvə görüşündə işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərdən geniş bəhs etdi. İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir.  2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.

Göründüyü kimi, Zirvə görüşü pandemiyayanın nəticələrinə və postpandemiya dövründə görüləcək işlərə həsr olunsa da, Azərbaycan hər zaman olduğu kimi, yenə də tarixi həqiqətlərimizin, illərdir necə vəhşi millətlə üz-üzə qaldığımızı dünya ictimaiyyətinə çatdırmağa xüsusi diqqət göstərmişdi. Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü şərtləndirən əsas amil məhz tarixi həqiqətlərə, real faktlara əsaslanmasıdır. Bu gün ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının dünya düzəninin yenidən formalaşdırılmasında fəal iştirakına etdiyi çağırış da həm Azərbaycanın, həm də Hərəkata digər üzv dövlətlərinin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqelərinə söykənir.