YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil siyasətin real nəticələri

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan həm region, həm də dünyanın digər nüfuzlu xarici dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrinə malik dövlətdir.

Bu gün ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa və regionda böyük potensiala sahib olan bir dövlətdir. Azərbaycan 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatının fəal və obyektiv mövqeyə malik olan bir üzvüdür. Qoşulmama Hərəkatına üzv olduğu dövrdən bu günə kimi ölkəmiz öz prinsipial mövqeyi və uğurlu əməkdaşlıq fəaliyyəti ilə yadda qalan ölkələrdən biridir.

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, nüfuzlu beynəlxalq təşəkilatların rəhbərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər iştirak ediblər.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev dünyada və regionda baş verən aktual məsələlər və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı: “Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Biz Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarıq. Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.”

Dövlət başçısı qeyd etdi ki, biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

Azərbaycan bölgədə, regionda, eyni zamanda beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən bir dövlətdir və öz milli dövlətçilik maraqlarına uyğun olaraq dünya siyasi arenasına uğurla inteqrasiya etməkdədir.