YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni prioritetlər

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycanın dünya birliyində yeri və rolu göz qabağındadır. Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi həqiqətlərimizin təbliğində, Azərbaycanın beynəlxalq aləmdə özünü təsdiqləməsində öz sözünü deyir. Ölkəmiz bu və ya digər beynəlxalq təşkilata üzv qəbul olunmaqla tarixi həqiqətlərimizin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün növbəti tribunanı qazanır. Bu baxımdan Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulması həm Hərəkatın özünün inkişafında, dünya siyasətində öz sözünü deməsində, həm də Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatında mühüm rol oynayır. Qoşulmama Hərəkatı Azərbaycanın Hərəkata üzvlüyündən sonra sürətlə inkişaf etdi. Bu məqamı nəzərə alsaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı zamanlara təsadüf edir, bu halda görülən işlərin fonunda Hərəkatın möhkəmlənən mövqeyini, Azərbaycan həqiqətlərinin təbliğində rolunu daha aydın görərik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.

Heç şübhəsiz ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu əsas rol oynayır. Dövlət başçısı İlham Əliyevin sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları və bu istiqamətdə atdığı addımlar beynəlxalq səviyyədə diqqətlə izlənilir. Cənab İlham Əliyev Zirvə görüşündə bu məqama da diqqəti yönəltdi ki, münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Zirvə görüşündə dərin məzmunlu çıxış edərək bir çox məsələlərlə bağlı mövqeyini ifadə etdi. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi. Bu problem qlobal xarakter daşıyır. Ermənistanın ölkəmizə qarşı mina terrorunun ağır nəticələri beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanıb.

Bu əminlik ifadə edildi ki, dövlət başçısı İlham Əliyevin digər təklifləri kimi  sözügedən Zirvə görüşündə də  səsləndirdiyi çağırışlar  reallıqda öz əksini tapacaq, yeni dünya düzəninin formalaşmasında öz sözünü deyəcək. Bu, dövlətimizin və Prezidentimizin beynəlxalq miqyasda siyasi gücünün, yüksək nüfuzunun ifadəsidir.