YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Yevlaxda 4 mart 2023-cü il tarixində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, bütün mənalı ömrünü Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti tariximizdə dərin izlər buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu məktəbdən - dahi Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq: “Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil, müasir və qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Azərbaycanın uğurlu gələcəyi naminə təkmil inkişaf konsepsiyasını hazırlayan və davamlı uğurlara imza atan ümummilli liderimiz Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, məndə varam” kəlamı onun dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsidir”.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, müasir müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin şərəfli mərhələsini təşkil edir. O qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Məhz Heydər Əliyevin ideyaları əsasında ölkəmizin və xalqımızın maraqları naminə çevik və praqmatik siyasət həyata keçirən Prezident İlham Əliyevin müdrik fəaliyyəti nəticəsində bu gün beynəlxalq səviyyəli imzalar içərisində xalqımızın da imzası vardır və bu, bir daha əyani olaraq sübut edir ki, dahi Liderin ideyaları bənzərsizdir və gələcək üçün Azərbaycanın işıqlı yol xəritəsini müəyyən etmişdir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışında qeyd edib ki, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən fəaliyyəti sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi çərçivədə deyil, həm də milli-mənəvi ideyaların təsbit olunmasında da gerçəkləşdirdi. İnkişaf etmiş böyük dövlətlərin tarixinə ekskursiya etsək, görərik ki, bir millət kimi formalaşmaq, siyasi arenada öz sözünü deyə bilmək, güclü bir dövləti qurub yaratmaq və qorumaq üçün onun güclü, uzaqgörən, bacarıqlı, məğrur bir lideri olmalıdır. O lider ki, Ulu Öndər kimi millətinə həqiqətən könüldən bağlı olsun, xidmət etsin, qayğı göstərsin və istənilən sahədə dövlətinin milli tərəqqisi işinə fayda versin, cəmiyyətdəki hadisələrə vaxtında və zamanında münasibət bildirməklə özünün əsl liderlik keyfiyyətlərinə malik olduğunu təsdiq etsin. Xalqımız xoşbəxt nəslin nümayəndəsidir ki, dahi Heydər Əliyevin layiqli davamçısı olan, onun müdrik ideyalarını yaşadan və ölkəmizi firavan gələcəyə doğru aparan əvəzolunmaz Lideri - Müzəffər Sərkərdəsi vardır. Xalq öz xilaskarını, tarix isə böyük şəxsiyyətini daim yaşadır və yaşadacaqdır.

YAP Veteranlar Şurasının üzvü Zahid Xəlilov, Milli Məclisin deputatı İlham Məmmədov, Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş, Aran qəsəbə 2 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Yusif Kərimov öz çıxışlarında vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz ulu öndər Heydər Əliyevin irsinin əbədi olduğunu göstərir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.