YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təsir imkanlarımız artır

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatı dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur və  Azərbaycan bu təşkilata sədrlik etməyə başladığı gündən beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində əməli addımlar atıb.

Azərbaycanın Qoşulmama Hərəkatına Sədrlik etməyə başlaması dünyanı COVİD-19 pandemiyasının bürüdüyü cətin vaxtlara təsadüf etmişdi. Həmin dövrdə ölkəmiz pandemiya ilə mübarizədə digər dünya ölkələrinə öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirildi. 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir. Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində indiyədək 80-dən çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Qeyd edək ki, bu məbləğin yarısı məhz Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuşdu.

Cari ilin mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Tədbirdə iştirak edən Ölkə Prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan həmçinin Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Qərara alınıb ki, təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Bu gün bütün dünya yeni düzən formalaşması prosesinin bir çox arzuolunmaz tendensiyalarla müşahidə olunduğunun şahididir. Xüsusilə son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və bu, dünyada mövcud olan multilateralizmi ciddi təhlükə altında qoyur. Öz çıxışında bu məsələyə də toxunan cənab Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinin aşınmasının yeni təhdidlər yaratdığını qeyd etdi. Həmçinin dövlətimizin başçısı dünyada getdikcə daha çox tətbiq olunan ikili standartlar siyasəti barədə danışaraq bildirdi ki, son illər suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da onların icrasında selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Bu kimi halların qarşısının alınması üçün birgə səylər göstərilməli, o cümlədən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin formalaşmasında fəal iştirak etməlidir.

Həmçinin dövlətimizin başçısı Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizə verdikləri siyasi-mənəvi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini bir də vurğuladı. Məlum olduğu kimi, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul etmişdi. Həmçinin Vətən müharibəsinin davam etdiyi dövrdə, 2020-ci ilin oktyabrında Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Təşkilata üzv ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etmişdilər. Hərəkatın ölkəmizə verdiyi ən önəmli dəstək isə BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycana qarşı qərəzli bəyanat qəbul etmək cəhdlərinin qarşısının alınmasından ibarət oldu. Həmin vaxt Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək üçün ciddi səy göstərmişdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən dost ölkələr təkid etdilər ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad da əlavə olunsun. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün 2020-ci ildə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalması faktı özü də BMT Təhlükəsizlik Şurasının səmərəsizliyindən xəbər verir. Məsələ bundadır ki, bu qurumun bəzi qətnamələri bir neçə günün içində icra olunurlar. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Prezident İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməsi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etməsi BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə baş vermiş hadisə idi.

Əlbəttə ki, bütün bunlar BMT sistemində ciddi islahatlara ehtiyac olduğundan xəbər verir. Öz çıxışında bu məsələyə geniş yer ayıran dövlət başçımız bildirdi ki, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. O cümlədən Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırdı. Həmçinin qeyd olundu ki, Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir. Beləliklə, Azərbaycan Qoşulmama Hərəkatının dünyada gedən proseslərə təsiri baxımından önəmini artırmağa hesablanmış təşəbbüslər irəli sürməkdə davam edir.