YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zəngilan rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə ardıcıl tədbirlər keçirilir.

Növbəti tədbir martın 2-də YAP Zəngilan rayon təşkilatı tərəfindən keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Ulu Öndərin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb.  Ümummilli Lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş təhlükələri aradan qaldırdı. N.Quluzadə vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən ümummilli lider Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf edir.

Milli Məclisin deputatı İmamverdi İsmayılov qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

YAP Veteranlar Şurasının üzvü Adilə Abasova çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. O, Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini bildirib.

Tədbirdə çıxış edən Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, qrossmeystr Zeynəb Məmmədyarova vurğulayıb ki, bugünkü reallıqlar Heydər Əliyevin ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.