YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya durduqca yaşayacaq!

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin şərəfli ömür salnaməsi gənc nəslin təlim-tərbiyə xəzinəsidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında ümummilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyətindən, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayır və gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşəl yandırır. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Vurğulayıb ki, Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə bağlı olub.

Seyfəddin Əliyev onu da bildirib ki, Ulu Öndər bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Ümummilli Liderimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini yüksək dəyərləndirib. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Tədbirdə partiya fəalları Ceyhun Qurbanov, Kübra Həsənova və başqaları çıxış edərək bildiriblər ki, bu gün ümummilli lider Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.