YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda növbəti Zirvə, yaxud Bakı yenə də zirvədə! - TƏHLİL / VİDEO

Regional güc mərkəzi, dünyada söz və nüfuz sahibi olan Azərbaycan qlobal geosiyasi gündəliyi müəyyənləşdirən növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Martın 2-də paytaxt Bakıda BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının postpandemiya dövrünə həsr olunmuş Sammiti baş tutacaq.

 Müxtəlif beynəlxalq təşkilatlarda fəal təmsil olunan, qərarların qəbulunda və icrasında yaxından iştirak edən Azərbaycan dünya siyasi arenasında çoxtərəfli diplomatiyanın inkişafına mühüm töhfələr verir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi dövründə çevik və səmərəli fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Milli maraqlara və qlobal çağırışlara adekvat strateji kurs həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Azərbaycanın sədrliyi dönəmində Hərəkatın fəaliyyəti – müzakirə olunan məsələlər və qəbul edilmiş qərarlar beynəlxalq siyasi proseslərə, həmçinin BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına ciddi təsir göstərib. Təsadüfi deyil ki, prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməli olsa da, hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadılıb. Daha dəqiq desək, Qoşulmama Hərəkatına üzv dövlətlər ölkəmizə Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.

Qoşulmama platforması ölkəmizə prinsipial və sistemli beynəlxalq dəstəyin təmin edilməsi xüsusunda da çox önəmlidir. Sadəcə, iki fakta diqqət yetirək:

- 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi prosesi zamanı Azərbaycanı dəstəkləyən ölkələr sırasında Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin mühüm rolu oldu. Əlbəttə, bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. Qoşulmama Hərəkatının sıralarında birləşən dövlətlərin və digər ölkələrin dəstəyi, başqa sözlə, beynəlxalq ictimaiyyətin etimadı isə özünü doğrultdu. Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, sülh, sabitlik və təhlükəsizliyə, taleyüklü məsələlərdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa böyük önəm verdiyini nümayiş etdirdi;

-  44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbuluna mane oldular. Bu ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Bunun nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular.

Azərbaycanın həm təşkilat daxilində, həm də Hərəkata sədr kimi fəaliyyətinin çox mühüm istiqamətlərindən, eləcə də faydalı nəticələrindən biri Qoşulmama Hərəkatı ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafıdır. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə, həmçinin tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı təmsil olunub. Bundan başqa, sıralarında 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.

Bunlarla yanaşı, Azərbaycanın sədrliyi dövründə və yüksək fəallığı fonunda Qoşulmama Hərəkatında mühüm ilklərə və yeniliklərə imza atılıb. Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının təsis olunması bu baxımdan xüsusi vurğulanmalıdır.

Beləliklə, bəzilərinin bədbin proqnozlarının əksinə olaraq, Qoşulmama Hərəkatının fəaliyyət dairəsi genişlənir, idarəetmə mexanizmi təkmilləşir və təşkilatın işində yeni mərhələ başlanır. Bu günlərdə Azərbaycanın başkəndi, regionun isə diplomatiya paytaxtı olan Bakıda Qoşulmama Hərəkatının tarixində yeni və daha önəmli səhifə açılır.