YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ermənilər təkcə XX əsrin son 90 ilində azərbaycanlılara qarşı 86 soyqırımı həyata keçirmişlər. Qəsbkar ölkənin silahlı qüvvələri 1991-ci il dekabrın 15-də Cəmilli, dekabrın 24-də Meşəli, dekabrın 28-də Kərgicahan, 1992-ci il yanvarın 18-19-da Nəbilər, fevralın 12-nə keçən gecə Malıbəyli və Quşçular kəndlərini yandırıb külə döndərdilər, dinc sakinləri isə qətlə yetirdilər. Fevralın 25-dən 26-na keçən gecə isə əsrin ən böyük faciəsi – Xocalı soyqırımı baş verdi. Bu soyqırım Xatın, Sonqmi, Ruanda, Srebrenisa və Holokost faciələri ilə eyni sırada durur. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Həmçinin 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi.

Xocalının işğalından 31 il keçməsinə baxmayaraq erməni faşistlərinin  və  imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin  Xocalının əliyalın  sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmadı. Əksinə, illər keçdikdə  qaysaq bağlamayan yaralar  göynədi, xalqımıza qarşı  soyqırımı törədənlərə  nifrət artdı.  44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə  31 il bundan əvvəl qətlə yetirilən  Xocalı sakinlərinin qisasını aldı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun   Xocalı həqiqətlərinin   beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı  döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, «qana-qan»  deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə  dalğalandırdıqları üçrəngli  bayraqlarımız, soyqırım qurbanlarına xalqımızın vəfa borcudur.

Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020- ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 illik əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından Rüstəm Qasparyan, onun oğlu və neçə-neçə belə cinayətkar qaniçən məhv edildi, bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.