YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda Xocalı faciəsinin qurbanları anıldı

Fevralın 24-də Xətai rayonu ərazisində məskunlaşan Xocalı  sakinləri ilə görüş keçirildi.

Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində tədbirin iştirakçıları öncə faciə qurbanlarının xatirəsinə Xətai rayonu ərazisində ucaldılan “Ana fəryadı” abidəsini  ziyarət etdilər.

Xətai Rayon İcra Hakimiyyətində keçirilən görüşdə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının törədilməsindən 31 il  keçdiyini vurğulayan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev ermənilərin zaman-zaman himayədarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini bildirdi. Qeyd etdi ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq yerlə-yeksan edilib. Xalqımız çoxəsrlik tariximizin hər bir səhifəsini daim vərəqləyir, onların indiki və gələcək nəsillərə çatdırılması üçün səylərini daha da artırır.   

Bir daha  bu məqama diqqət yönəldildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki,  31 il əvvəl Xocalıda törədilən soyqırımı bəşər tarixinin ən qanlı qətliamlarından biridir. Biz bunu unutmamalı, unutdurmamalıyıq. Ermənilərin Xocalıda törətdikləri bu qanlı cinayət təkcə Azərbaycan xalqına deyil, həm də bütün dünyaya, bəşəriyyətə qarşı  yönəlmiş cinayətdir.

YAP Xətai rayon təşkilatının sədri Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımların miqyasının genişliyindən bəhs etdi. Bu mühüm məqamı xüsusi vurğuladı ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər  Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra verildi.

Son 19 ildən artıq dövrdə  ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə atdığı addımlar da davamlıdır. Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsi hər il böyük ehtiramla yad edilir. On minlərlə insanın qatıldığı  ümumxalq yürüşləri soyqırımı qurbanlarının xatirəsinə göstərilən ehtiramın əyani nümunəsinə çevrilir. Bu ümumxalq yürüşləri həm də dünyaya bir çağırışdır. Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Bu işdə Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Fondun  vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Xocalı həqiqətlərinin təbliğində Leyla Əliyevanın  2008-ci ildə irəli sürdüyü  “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu var.

Görüşdə Xocalı sakinləri adından çıxış edən  Solmaz İsmayılova və  Məryəm Əsgərova göstərilən diqqət və qayğıya görə dövlətimizə,  Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Bu fikri böyük qürur hissi ilə qeyd etdilər ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, Şuşamızın işğaldan azad edilməsi Xocalı nisgilinə də tezliklə son qoyulacağına böyük inam yaradır. Tezliklə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində  Azərbaycanın bu qədim şəhərinə qayıdacağıq və “ağıllı şəhər” layihəsinin  növbəti iştirakçıları sırasında  Xocalı da olacaq.

DİGƏR Xəbərlər Arxiv