YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saymon Kleq: “Bakı-2015” beynəlxalq standartların ən yüksək səviyyəsi ilə təqdim olunacaq

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab Kleq, Azərbaycanın Avropa Oyunlarına hazırlaşmaq üçün vaxtı o qədər də çox deyildi. Qısa müddətdə bu qədər nəhəng işi görmək necə mümkün oldu?

- Əlbəttə, birinci Avropa Oyunlarına hazırlıq üçün ayrılan cəmi 30 ay ərzində Azərbaycanın bu prosesi uğurla başa vurması böyük nailiyyətdir. Bu möhtəşəm idman tədbirinə hazırlaşmaq üçün mənimlə yanaşı, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və çox istedadlı 2 mindən çox üzvü olan bir komanda çalışıb. Təqribən 78 faizini azərbaycanlılar təşkil edən bu komandanın üzvləri olduqca bacarıqlı, yüksək təhsilli və ambisiyalı gənclərdir. Bu zəngin heyətlə, azərbaycanlı həmkarlarımızla birgə işimizi daha yüksək səviyyədə görməyə çalışırıq.

Biz birinci Avropa Oyunlarının keçirilməsi ilə böyük bir insan irsi qoymuş olacağıq. Bu, Azərbaycanın gələcəkdə daha yaxşı mövqeyə çıxmasına öz təsirini göstərəcək. Beləliklə, ölkəniz gələcəkdə xaricdən mütəxəssis cəlb etmədən, püxtələşmiş gəncləri ilə bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək bacarığına malik olacaq.

- Azərbaycan “Bakı-2015”i Olimpiya Oyunları səviyyəsində keçirməyə iddialıdır. Sizcə, Bakının idman arenaları, infrastrukturu, təşkilati işlər bunun üçün yetərlidirmi?

- Bir daha qeyd etmək istərdim ki, birinci Avropa Oyunlarına hazırlığın uğurlu nəticəsi olaraq artıq Azərbaycan gələcəkdə beynəlxalq idman tədbirlərini keçirmək üçün daha yaxşı mövqelərə çıxır. Bu mötəbər beynəlxalq idman yarışlarının təşkili üçün görülən işlər göz qabağındadır. Bakı Olimpiya Stadionu, üzgüçülük hovuzu və digər müasir tikililər, idman arenaları paytaxtınız gələcəyi üçün zəngin miras qoyacaq. Ən müasir texnologiyalarla təchiz edilən müasir gimnastika arenası tikilib. Heyranedici, fantastik Bakı Olimpiya Stadionu yüksək səviyyədədir.

Təbii ki, bu idman infrastrukturu sualınızı müsbət cavablandırmağa əsas verir.

- Cənab Kleq, Siz indiyədək bir neçə Olimpiya Oyunlarının əsas təşkilatçılarından biri olmusunuz. Sizcə, “Bakı-2015” birinci Avropa Oyunları Olimpiadalarla müqayisədə hansı yenilik və üstünlüklər təqdim edə biləcək?

- Məncə, biz Olimpiya Oyunlarına heç də həmişə istinad etməməliyik. Avropa Oyunları tarixdə ilk dəfədir keçirilir. Biz Avropanın idman tarixini yaradırıq. Bu, həmçinin qitənin ən yaxşı atletlər üçün yeni idman yarışlarıdır.

Biz bəzi maraqlı təşəbbüslərlə, eyni zamanda, fərqli və yeni innovasiyaların tətbiqi ilə olimpiya və qeyri-olimpiya idman növlərini bir araya gətirməyə çalışdıq. Paralimpiya cüdosu, əsas idman oyunları hesab olunan və proqrama daxil edilən basketbol, çimərlik futbolu, sambo və karate maraqlı və daha çox auditoriya cəlb edəcək idman növləridir. Biz heç zaman Olimpiya Oyunları ilə müqayisələr aparmırıq. Bununla belə, Avropa Oyunlarının və yarışlara hazırlıq işlərinin Olimpiya standartlarına cavab verdiyini bildirmək istərdim.

- Bu səpkili idman tədbirlərini mediasız təsəvvür etmək mümkün deyil. Yerli KİV-lərin Avropa Oyunlarının təbliği ilə bağlı fəaliyyəti sizi qane edirmi?

- Təbii ki, yerli medianın iştirakı və rolu olduqca vacibdir. AZƏRTAC ilə işləmək bizə xüsusilə xoşdur. Siz bizim üçün mükəmməl tərəfdaşsınız.

Daha irəli gedərək, onu bildirim ki, ictimaiyyətə çatdırılan xəbərlər bizim istədiyimiz məlumatlardır. Biz istəyirik ki, azərbaycanlılar ölkələrinin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə qürur duysunlar. “Bakı-2015” idman azarkeşlərinə beynəlxalq standartların ən yüksək səviyyəsi ilə təqdim olunacaq. Bu məsələdə media bizim ən önəmli tərəfdaşlarımızdan biridir.