YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədavətə son qoyulmalıdır

Cavid Osmanov

Milli Məclisin deputatı

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində tarixdə ilk dəfə olaraq Azərbaycan, Ermənistan və Gürcüstanın rəhbərləri bir platformada görüş keçirdilər. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edən Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsinin ümumi geosiyasi vəziyyəti tamamilə dəyişdiyini və bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklərin ortaya çıxdığını diqqətə çatdırdı.  Ölkə başçısı qeyd etdi ki, Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. Hazırda isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Azərbaycan müharibənin dağıntılar, əziyyətlər gətirdiyini bildiyi üçün Avrasiyada sülhün bərqərar olmasında maraqlıdır. Ümumiyyətlə, Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarı olub.

Plenar iclasda Prezident İlham Əliyev bildirdi ki, hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Ölkə başçısı bir daha Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq vurğuladı ki, “Dağlıq Qarabağ” sözü artıq qüvvədən düşüb və Azərbaycanda belə bir inzibati vahid yoxdur. Odur ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Erməni əhalinin olduğu Qarabağ rayonunda bu azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır. Lakin Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə heç bir müzakirə aparılmayacaq.

Münaqişənin tarixinə nəzər salan ölkə başçısı diqqətə çatdırdı ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb, beynəlxalq hüququ pozub, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyib və bütün bunlara baxmayaraq Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyir, Minsk qrupunun nəticə əldə etməsini və BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdi. Lakin heç bir hərəkət olmadı və ümumi fikir bundan ibarət oldu ki, bu münaqişə dondurulmuşdur. Azərbaycan  ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli oldu. Ona görə də dünya ictimaiyyəti 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıdır. Azərbaycan torpaqlarının işğalı, bir milyon azərbaycanlının evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onların təhqir edilməsi, bir sözlə bütün bunlar qonşu Ermənistan tərəfindən edilib. Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu. Artıq Ermənistan kapitulyasiya etmiş ölkədir və 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, de-fakto Ermənistan üçün kapitulyasiya aktıdır.

Prezident İlham Əliyev plenar iclasda diqqətə çatdırdı ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platforma var. Onlardan biri Brüssel formatıdır. Bu format üçtərəfli formatdır və Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında ümumi bir anlaşma vardır. Minsk qrupu isə artıq  mövcud deyil. Azərbaycan səmərəli danışıqların tərəfdarıdır. Ölkəmizin ərazi bütövlüyü işğal olunan dövrdə də Azərbaycan münqaişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin sülh danışıqları 28 ilə yaxın davam elədi və heç bir nəticəsi olmadı. Əgər Azərbaycan Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydi, bu sülh danışıqları daha 28 il çəkəcəkdi.  Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Qalib ölkə olaraq da Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını təklif edən ilk tərəf olub.

18 fevral tarixində Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdə də Prezident İlham Əliyev Azərbaycanın sülh sazişinin imzalanmasında maraqlı olduğunu bildirib. Üçtərəfli görüşdə ölkə başçısı cssənab İlham Əliyev bildirib ki,  sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Sülh müqaviləsində Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Görüşdən sonra televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev bildirdi ki, görüş zamanı Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə edilib. Ölkə başçısı qətiyyətli və birmənalı olaraq Azərbaycan dövlətinin mövqeyini bəyan edib və həmin ərazidə heç bir blokdanın olamdığını  faktlarla diqqətə çatdırıb. Həmçinin vurğulanıb ki, nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil. Azərbaycanın mövqeyi ondan ibarətdir ki,  həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində dövlətimizin  mövqeyi tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olar.