YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərhəmət, xeyirxahlıq, ülvilik…

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Türkiyədə minlərlə insanının həlak olmasına, yaralanmasına və dağıntılar altında qalmasına səbəb olan dəhşətli zəlzələ Azərbaycan-Türkiyə qardaşlığına bir daha işıq saldı. Qardaş Türkiyənin yaşadığı faciəni böyük kədərlə, sıxıntı ilə qarşılayan Azərbaycan dövləti, xalqı ilk anlardan qardaş dəstəyini göstərdi. Baxmayaraq ki, qardaş ölkəyə 70-ə yaxın ölkədən yardım edilib, Azərbaycanın ilk dəstək göstərən, ən əsası sevincini, kədərini birgə paylaşan ölkə olması önə çəkilərək böyük minnətdarlıq hissi ilə qarşılandı. Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bütün dövlət qurumları qardaş Türkiyə xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Həmçinin ölkəmizin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb. O da məlumdur ki, böyük bir qrup könüllü artıq Türkiyədədir.  Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəmirlər.

Göründüyü kimi, həm dövlət qurumları, ictimai təşkilatlar, eyni zamanda, sadə vətəndaşlar bu yardımların təşkilində və qardaş ölkəyə çatdırılmasında böyük səylə çalışırlar. Fəaliyyətində mərhəmət, xeyirxahlıq prinsiplərini öndə saxlayan Heydər Əliyev Fondunun bu istmiqamətdə gördüyü işlər diqqətdən kənarda qalmır. Belə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar davamlıdır və artıq növbəti təyyarə qardaş ölkəyə yola salınıb.  Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımımında bu mühüm məqama xüsusi diqqət yönəldir ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərinə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə  insansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə təşəkkürünü bildirən Mehriban xanım Əliyeva qardaş dəstəyinin yaratdığı hissləri “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” fikirləri ilə ümumiləşdirir. Mehriban xanım Əliyevanın xalqa müraciətlərində, çağırışlarında bu ali dəyərlər daim önə çəklir.  Heydər Əliyev Fondu məhz bu birlik, xeyirxahlıq, mərhəmət prinsiplərinə söykənərək bu və ya digər ölkələrdə baş verən hadisələr zamanı da öz dəstəyini əsirgəmir. Fondun bu fəaliyyəti daim beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.  Azərbaycanın Birinci vitse-prezidenti belə bir əminliyi ifadə edir ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq: “Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!.”