YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksələn xətlə... və ancaq irəliyə

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycan xalqını sarsıtdı. Dövlətimizin, xalqımızın səfərbər olaraq zəlzələdən əziyyət çəkən insanlara yardımlar etməsi, fəsadların aradan qaldırılması üçün dəstək göstərilməsi istiqamətində atdığı addımlar hər birimizi qürurlandırır. Əbəs yerə deyilmir ki, dost dar gündə tanınır. Azərbaycan və Türkiyə daim sevinclərini də, kədərlərini də birgə paylaşaraq əsl qardaşlıq nümunəsini ortaya qoyublar. Böyük öndər Musatafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirlərinə əlavə olaraq qeyd edirik ki, Türkiyənin sevinci Azərbaycanın sevinci, kədəri Azərbaycanın kədəridir.

Çox da uzaq olmayan tarixə, 44 günlük İkinci Qarabağ müharibəsində yaşananlara nəzər salmaqla bir daha iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin digər dövlətlərə nümunə olduğunu böyük qürurla qeyd edirik. Türkiyə Prezdienti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” çağırışını etməklə dünyaya lazımi mesajını verdi. Müharibənin başlandığı ilk gündən cəbhədən gələn hər bir xəbəri Azərbaycan və Türkiyə xalqı eyni yaşadı. Dövlət başçısı İlham Əliyevin hər gün xalqa mürcaiətləri ölkəmizdə necə səbirsizliklə gözlənilirdisə, qardaş Türkiyədə  də o şəkildə izlənildi. Küçə və meydanları Azərbaycan və Türkiyənin bayraqları bəzədi. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında Türkiyə Prezdientinin səsləndirdiyi bu fikirləri qürurla yada salırıq: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.”

Dövlət başçısı İlham Əliyevin fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubunda, həmçinin türkiyəli həmkarı ilə  telefon zəngində, fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində  olub, qardaş ölkədə  baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığında və səfirlə söhbətində, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında da bu əminlik ifadə edilir ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.