YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan üçün prioritet…

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Danılmaz faktdır ki, hər bir dövlətin gücü onun iqtisadiyyatı, iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişafı isə enerji təhlükəsizliyinin, xüsusən elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi ilə bilavasitə bağlıdır. Bu səbəbdəndir ki, Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər prioritet seçilərək çox sürətlə və uğurla inkişaf etdirilmişdir. Azərbaycanda son 20 il ərzində generasiya gücü təqribən 3400 meqavata bərabər olan 34 elektrik stansiyasının inşa edilməsi bunun bariz sübutudur. Nəzərə alsaq ki, bu gün respublikamızda olan elektrik stansiyalarının ümumi generasiya gücü təqribən 7200 meqavatdır, onda son 20 ildə bu istiqamətdə görülmüş işlərin həcmini təsəvvür etmək olar.

Bu gün həm də Avropanın enerji təhlükəsizliyinin qarantı olan Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa-yenidənqurma işlərinin elektroenergetika sahəsindən başlanması, artıq 10-dan çox yarımstansiyanın inşa edilməsi, 10-dan çox su elektrik stansiyasının inşa edilərək iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücünün yaradılması və bu rəqəmin bu ilin sonuna qədər 200 meqavata çatdırılacağının hədəflənməsi və bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaratmağın mümkün olması bu sahənin dövlətimiz üçün prioritet olaraq qalmasının göstəricisidir.

Prezident İlham Əliyevin cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində qeyd etdiyi kimi, 2025-ci ildə açılması nəzərdə tutulan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.

Mərasimdə Çinin bir şirkətinin, İtaliyan şirkətləri və “Made in Italy” nazirinin də iştirak etməsi bu işin xarici əməkdaşlıq çərçivəsində görüləcəyindən xəbər verir. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasında imzalanmış müqavilələr həm azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hazırda aparılan böyük quruculuq-bərpa işlərində, həm də gələcəkdə yerinə yetiriləcək beynəlxalq layihələrdə tərəfdaşlıq çərçivəsində fəaliyyətə əsas verəcək.

Qeyd etmək lazımdır ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənədin imzalanması, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsi, İtaliyanın müdafiə, energetika və “Made in Italy” nazirlərinin cari ilin yanvar ayından başlayaraq Azərbaycana səfərlər etməsi dövlətlərarası əlaqələrimizin yüksək səviyyədə olmasından, İtaliya-Azərbaycan əlaqələrinin təkcə iki ölkənin maraqlarını deyil, böyük coğrafiyanın maraqlarını təmin etməsindən xəbər verir.

Təbii ki, ölkəmizdəki elektroenergetika sisteminin mövcud olan generasiya gücünün təxminən 20 faizinə yaxın generasiya gücünə malik bir istilik elektrik stansiyasının təməlinin qoyulması yaxın gələcəkdə ölkəmizin enerji potensialının və ixrac imkanlarımızın güclənəcəyinin, həmçinin xarici tərəfdaşlarımızla yeni, gələcək layihələrə yol açacağının müjdəçisidir.