YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə bağlı konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra YAP Mingəçevir şəhər təşkilatının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Bildirib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna aparıb.

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik hüquqi dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Bəxtiyar Mustafayev şəhər təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb. Bildirib ki, hazırda 54 ərazi partiya təşkilatı 8065 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında
qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynayıb: “Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Partiya daim təkmilləşməyə və yeniliklərə açıq bir siyasi təşkilatdır. Vətən müharibəsində qazanılan qələbədə də partiyanın ideoloji siyasətinin rolu danılmazdır”.

Partiya veteranı Mirzə Cavadov, “Tələbə” Poliklinikasının baş həkimi Nurcamal Əsgərova, 17 saylı tam orta məktəbin direktoru, Təhsil şöbəsi üzrə 7 saylı ərazi partiya təşkilatının sədr müavini Ceyhun Atayev çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Qeyd edilib ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.

Sonda YAP Mingəçevir şəhər təşkilatının işində fəal iştirakına görə bir qrup partiya fəalı Mirzəzadə Aydın Böyükkişi oğlu, İbrahimli Ramiz Canan oğlu, Zeynalov Fikrət Qüdrət oğlu, Cəfərova Esmira Hilal qızı, Quliyeva Ədalət Abid qızı fəxri fərmanla təltif olunub. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri verilib.