YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib.

Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasda YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının 2015-ci il üçün iş planının və «Bakı-2015» I Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında» məsələnin müzakirəsi nəzərdə tutulur.

A.Rəhimzadə qeyd edib ki, Azərbaycan əlamətdar hadisə ərəfəsindədir. İyunun 12-də ölkəmizdə  ilk Avropa Oyunlarının start götürəcəyini deyən komissiya sədri bu hadisənin həm ölkəmizin, həm də bütövlükdə Avropanın tarixində mühüm hadisə olduğunu diqqətə çatdırıb. Komissiyanın 2015-ci il üçün iş planı haqqında məlumat verən A.Rəhimzadə deyib ki, il ərzində ölkəmizə qarşı aparılan böhtan kampaniyaları ilə bağlı partiyanın yerli strukturlarının fəaliyyəti, yəni onların bu kampaniyalara qarşı mübarizəsi, Milli Məclisə seçkilərlə əlaqədar qarşıda duran vəzifələr, bələdiyyələrin maliyyə imkanlarının artılımasında yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanması vəziyyəti barədə məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Komissiya üzvləri 2015-ci ilin iş planını təsdiq ediblər.

Sonra  «Bakı-2015» I Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında» məsələ müzakirə olunub. Bu haqda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva məlumat verib.

Məsələnin müzakirəsində çıxış edən YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının sədr müavini, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev, komissiya üzvləri- Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Azər Badamov və Rüstəm Xəlilov və digərləri partiyanın Nizami rayon təşkilatının bu yöndəki fəaliyyətini təqdir ediblər. Eləcə də, bu məsələ ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

Müzakirələrin sonunda YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyası «Bakı-2015» I Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında» qərar qəbul edib. Qərarda  YAP Nizami rayon təşkilatının bu istiqamətdəki fəaliyyəti müsbət qiymətləndirilib.