YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Acı təəssüf, sarsılmaz inam...

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət bütün bəşəri dövlətləri sarsıtdı. XXI əsrin ən böyük faciələrindən olan bu zəlzələdə 40 minə yaxın insan həlak oldu. Zəlzələnin nəticələri Azərbaycanda hamının qəhərinə çevrildi. Hamı özünü ruhən zəlzələ zonasında hiss etdi. Bu, təkcə bir qardaş dövlətdə baş vermiş fəlakətə görə yaşanılan ağrı-acı deyildi, bu, milli-xəlqi ruhun hey­siy­yətiydi. Azərbaycanda bu təbii fəlakət hamının yaşamındadı. Hamı həm maddi dəstək göstərir, həm də mənəvi dəstək...

Azərbaycan dövləti olaraq, azərbaycanlılar qardaş olaraq Türkiyəyə yardımını əsirgəmir. Bu, ilk olaraq həmrəylikdir. Hamı, hamı deyir ki, kaş bu həmrəylik xoş bir hadisə ilə bağlı olaydı. Xal­qın ruhu bölünməz ruhdur. Bölünməz ruh Azərbaycan və Türkiyənin vətəndaşlarını bir amal ətrafında birləşdirir – zəlzələnin fəsadlarını tezliklə aradan qaldırmaq. Azərbaycan Respublika­sı­nın Prezidenti İlham Əliyevin dediyi kimi “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güc­lü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədər­lən­dirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qar­şı­la­dım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Türkiyəyə Azərbaycandan yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi perso­nal­­dan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, av­to­­mo­­billər, həmçinin modul səhra hospitalları da yola salınıb. Yardım bu və ya digər fəlakətə, faciəyə görə ürəyin, qəlbin hökmü ilə yerinə yetirilən maddi dəstəkdir. Azərbaycandan Türkiyəyə böyük miqyasda bütün sahələri əhatə edən yardımlar göndərilir. Azərbaycan Respublikasının Pre­zi­denti İlham Əliyevin göstərişi ilə yardımlar mərkəzləşdirilmiş formatda göndərilir.

Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yar­dım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sis­tem­lər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bunlar zəlzələ zamanı zərər çəkənlərə olduqca vacib olan əşyalardır.

İkinci Qarabağ müharibəsində şəhid olanlara görə hansı ağrıları yaşadıqsa, Türkiyədə baş verən zəlzələdə həlak olanlara görə də eyni ağrı-acıları yaşamaqdayıq. Bu ağrı-acılar qardaş ağrı-acısıdır. Xalq evləri çökənlərə, pal-paltarsız qalanlara can yandırmağı, qışın sazağında onlara qar­daş yardımı göstərməyi özünə mənəvi borc bilir.

Azərbaycandan Türkiyəyə xilasedicilərin göndərilməsi yaralılara kömək üçün tibb perso­na­lı, tibbi ləvazimatlar, zəruri dava-dərman göndərilməsi Azərbaycan dövləti üçün “Bir millət, iki dövlət” kəlamının nə qədər yaşarı, əbədi kəlam olduğunun təsdiqidir.

SOCAR zəlzələnin fəsadlarının aradan qaldırılmasına böyük kömək göstərir. Bu köməyin mahiyyəti, coğrafiyası, tutumu təsdiqləyir ki, SOCAR zəlzələnin fəsadlarının aradan qaldırılacağı müddətdə sanki Türkiyənin şirkətidir.

Azərbaycan Türkiyəyə fevralın 6-dan bu günədək Fövqəladə Hallar Nazirliyinin şəxsi he­yə­ti 1000 nəfərdən çox olan üzvünü göndərib.

Heydər Əliyev Fondunun prezidenti Meh­ri­ban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu qardaş ölkəyə xüsusi təyyarəylə hu­ma­nitar yardım göndərdi.

Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Or­du­sunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plas­tik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.

 Bütün Azərbaycan xalqı könüllü olaraq  qardaş türk xalqına dəstək olmaq əlində nə var onu gətirir. Kimin imkanı nəyə çatırsa onu da əsirgəmir.

İctimai  təşkilatlar, özəl şirkətlər, Azərbaycanın ən böyük  şirkəti SOCAR da əlində olan bütün imkanlarla yardım etməyə çalışır və bundan sonra da çalışacaqlar.

Bundan əlavə, bütün dövlət qurumları qardaş türk xalqının yanındadır və onlar humanitar yardımın təşkilinə fəaldırlar.

Prezident İlham Əliyevin göstərişinə əsasən zəlzələdə yaralananların müalicəsi üçün ölkəmizdə məxsusi şərait də yaradılıb. Həm Bakıda, həm də Naxçıvanda. Bu, Zəlzələnin vurduğu yaraların sağaldıl­ma­sında qardaş köməyi kimi təklif edilib. Bu iki dövlət arasında münasibətlər həmişə səmimi dostluğa, qardaşlığa, mənəvi birliyə əsaslanıb. İndi də belə davam edir...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Türkiyə dövlə­ti­nin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas mə­sə­lədir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Tür­­kiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtar­ma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Bu kəlamlar faciəyə görə qədərsiz təəssüfdür, faciənin fəsadlarının tezliklə aradan qaldırılacağına böyük inamdır. Qardaş dövlətin qardaş dövlətə inamıdır. Bu inam dünyəvi inamdır...