YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşımız üçün səfərbərik!

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı: “Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb. Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi” - deyə söyləmişdir. Bu sözlər qardaşlığın, səmimiyyətin göstəricisi, qardaşımızın acısını acımız, ağır gününü ən ağır günümüz hesab etməyimizdən xəbər verən qürurverici haldır.

Prezident İlham Əliyev qeyd edib ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin  bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Dövlət başçımız İlham Əliyev fevral ayının 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olmuş, qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermişdir: “Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.”

Prezident İlham Əliyevin sözləri Azərbaycan xalqının ürəyindən xəbər verən sözlərdir. Məhz cənab Prezident xalqımızın bu ağır günlərdə qardaş Türkiyənin yanında olmasını bir daha öz çıxışı zamanı ifadə etmiş, lazım olan dəstəyin veriləcəyini bildirmişdir. Dövlət, xalq olaraq hər zaman qardaşımızın yanındayıq və bu bütün dövrlədə belə olacaqdır.

Eyni zamanda, dövlətimizin Xarici İşlər naziri Ceyhun Bayramovun da qardaş respublikaya səfəri və orada zəlzələ baş verən əraziyə baş çəkməsi, rəsmilərlə görüşü, fəlakətdən əziyyət çəkən vətəndaşlarla söhbətləri bir daha dövlətimizin qardaşının yanında olmasının ifadəsidir.

Həmçinin, ictimai təşkilatlarımızın, özəl şirkətlərimizin də bu fəlakətdən əziyyət çəkənlərə dəstək vermək məqsədilə həyata keçiridikləri yardım layihələri xalqımız tərəfindən dəstəklənmiş, xalqımız da lazım olan dəstəyi vermişdir. Bu gün də xalqımız yardım etmək məqsədilə təyin olunmuş məntəqələrə yardımlar aparır, ürək ağrısı ilə qardaş Türkiyənin acısına şərik olurlar.

Türkiyə səfirliyində çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdir: “Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.”

Eyni zamanda, cənab Prezidentin də qeyd etdiyi kimi bizim ən böyük şirkətlərimizdən olan SOCAR-ın da işə cəlb olunub. “Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.”

Bu cür fəlakətlər yaşandığı zaman məhz gərəkli və atılmalı olan addımlardan biri – mərkəzi qaydada koordinasiya olmaq, bütün yardımların bir mərkəzdən idarə olunaraq lazımi yerlərə çatdırılmasını təmin etməkdir. Prezident İlham  Əliyev bu məsələnin də artıq ilk saatlardan müəyyənləşdirildiyi, bununla bağlı göstərişlər verdiyini ifadə etdi. “Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq.”

Təbii fəlakət baş verən yerlərdə adətən çətinlik çəkilən məsələlərdən biri də insanlara göndərilən yardımların paylanılması, orada təbii fəlakətdən əziyyət çəkmiş insanlara bu və ya digər formalarda dəstək üçün lazımi könüllü dəstələrin mövcud olmamasıdır ki, bunun həlli üçün artıq dövlətimiz tərəfindən addımalar atılmışdır. Belə ki, könüllülərdən ibarət qruplar da, artıq qardaş respublikaya yola düşmüşdür. Bir qismi artıq oradadırlar və zəlzələndən əziyyət çəkmiş vətəndaşlara öz xidmətlərini göstərirlər. Bunu cənab Prezident öz çıxışı zamanı ifadə etmişdir. “Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür. Bizim böyük könüllü qruplarımız var - həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt hadisə baş verdikdə, - məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş verdikdə, - ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir, yoldadırlar.”

Zəlzələ baş verən saatdan qardaş Türkiyəyə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri orada xidmət göstərərək dağıntılar altında qalmış vətəndaşlara öz yardım – qardaş əlini uzadırlar. Bu günədək FHN-nin 725 nəfərlik şəxsi heyət, onların arasında 34 nəfəri həkim, 7 nəfəri isə texniki heyət olmaqla tibbi heyət fəaliyyət göstərirlər. Bu günədək FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verilmişdir.

Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahraman-maraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.

Təbii ki, bu fəlakət nəticəsində yara almış Türkiyəmiz bu ağır günləri də  geridə qoyaraq işıqlı günlərə çıxacaqdır. Qardaş dövlətimiz bu fəlakətdən zərər görmüş insanların yaralarını sarıyaraq onları yenidən gözəl günlərə çıxara bilmək iqtidarındadır və tezliklə gözəl günlər xalqlarımıza qismət olacaq.