YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu birlik əbədidir, sarsılmazdır!

“Fevral ayının 6-da qardaş Türkiyədə ard-arda baş vermis dağıdıcı zəlzələlərin acı nəticələri bizləri çox sarsıtdı. Zəlzələ nəticəsində 10 şəhərin dağılması, minlərlə insanın vəfat etməsi və yaralanması xəbərləri olduqca kədərlidir. Qardaş Türkiyənin kədəri bizim kədərimizdir, onların keçirdikləri ağrı-acıları bizlər də qəlbimizdə hiss edirik. Bu faciə təkcə onların deyil, bizlərin də faciəsidir. Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlət olaraq, hər zaman bir-birimizin yanındayıq və dəstəyik. Təəssüf ki, zəlzələ nəticəsində dağıntıların miqyası o qədər böyükdür ki, insan tələfatının artacağı istisna edilmir. Lakin axtarış-xilasetmə tədbirləri sayəsində hələ də insanların sağ çıxarılması ümidlərimizi daha da artırır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.

Onun sözlərinə görə, zəlzələ baş verdikdən sonra qardaş Türkiyəyə yardım edən və dəstək olan ilk Azərbaycan oldu. Belə ki, birliyi və həmrəyliyi ilə bütün dünyaya əsl nümunə olan Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətləri bu dəfə də özünü ən bariz şəkildə göstərmiş oldu. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra da ilk andan qardaş Türkiyənin yanında idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq, xalqımızın bu faciədən son dərəcə sarsıldığımı və üzüntü içərisində olduğunu ifadə etməsi, daim türk qardaş və bacılarımızın yanında olacağımızı bildirməsi bütün azərbaycanlıların ürəyindən keçən hisslərin ifadəsi idi. Daha sonra dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi də dost və qardaş kimi ölkəmizin və xalqımızın hər zaman Türkiyə ilə çiyin-çiyinə, əl-ələ addımladığının göstəricisi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olaraq, səfirlə görüşmüş başsağlığını çatdırmışdır. Türkiyənin ölkəmizdəki səfiri isə, öz növbəsində dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya, dəstəyə görə təşəkkürünü bildirmişdir.

Tarixin bütün dövrlərində bu həmrəylik dünya üçün örnək olub. Hər iki ölkə haqları uğrunda bir-birini daim müdafiə edib, digər dövlətlər üçün ikitərəfli əlaqələrin ən ideal və real nümunəsini beynəlxalq münasibətlər sistemində sübut edib: “Xüsusilə vurğulamaq istərdim ki, tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin bizlərə dəstəyi əvəzedilməzdir. Siyasi və diplomatik sahələrdə haqq mübarizəmizə göstərdiyi dəstək qələbəmiz üçün əsas amillərdən biri oldu. Sözsüz ki, xalqımız bu tarixi keçmişi unutmur və unutmayacaq. Məhz Azərbaycanla Türkiyə arasında bu mənəvi qardaşlıq münasibətlərinin uzun və zəngin tarixi keçmişi var. Bu əlaqələrimiz həm də atalarımızdan bizə mirasdır. Ümummilli liderimiz Heydər Əliyevin xüsusi təşəbbüsü və gərgin səyləri ilə bu əlaqələrimiz daha da inkişaf etmiş, qardaş xalqlarımız bir-birinə daha sıx tellərlə bağlanmışdır. Bu gün dövlət başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasi iradəsi və uzaqgörən fəaliyyətləri ilə qardaş Türkiyə ilə əlaqələrimiz ən münbit dövrünü yaşayır”.

Rayon təşkilatının sədrinin sözlərinə əsasən, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bu birlik əbədidir, sarsılmazdır, dövlətlərimizin və xalqlarımızın gələcək inkişafına önəmli bir töhfədir. Dövlət başçısının tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət axtarış-xilasetmə və həkim kollektivi, eləcə də müxtəlif humanitar yardımlardan ibarət təyyarə və avtomobil karvanları dərhal Türkiyəyə yola düşmüşdür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən fond tərəfindən iri həcmli humanitar yardımlar və könüllü qrupları Türkiyədə qardaş və bacılarımızın maddi ehtiyaclarının qarşılanmasında, üzləşdikləri çətin vəziyyətdən ən qısa zamanda və az itki ilə çıxmaları üçün canla-başla çalışırlar. Sözsüz ki, bu yardımlarda sadə vətəndaşlarımızın dəstəyi də tədirəlayiqdir. Belə ki, Türkiyə Səfirliyinin və Heydər Əliyev Fondunun başlatdığı xeyriyyə aksiyalarında sadə Azərbaycan vətədaşlarının göstədikləri diqqət Türkiyə tərəfinin böyük marağına və rəğbətinə səbəb olmuşdur. Təbii ki, bütün bunlar millətimizin və dövlətlərimizin bir-birinə nə qədər bağlı olduqlarının sübutudur.