YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mənəvi borc

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ulu öndər Heydər Əliyev deyirdi: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”.

Böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuş, bir – birinə dəstək olmuşlar.

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyimiz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. Faciə qardaş ölkəyə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və böyük kədər yaşatdı. Bu xəbər Azərbaycana çatan andan bütün cəmiyyətdə eyni üzüntü və qəlb ağrısı ilə yaşanır. Azərbaycan xalqı bütün duyğu-düşüncəsi, gücü-imkanı ilə Türkiyədəki zəlzələnin nəticələrini aradan qaldırmağa səfərbər olub. Prezident İlham Əliyevin dediyi kimi, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Xalqımız mərhəmət, humanizmin zəlzələdən güclü olduğunu göstərmək üçün neçə gündür ki, hamılıqla əlindən gələn köməyi əsirgəmir, zəlzələnin ağrıları az da olsa azalsın, insanlar xilas edilsin deyə bacardıqları qədər öz köməklərini göstərirlər. Dövlətimizin başçısının vurğuladığı kimi, bu dəhşətli zəlzələ bizi çox sarsıdır, hər birimizə böyük qəlb ağrısı yaşadır. Elə bu ağrının hökmü ilə qardaş ölkəyə ilk yardım Azərbaycandan yola salınıb.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı ünvanlayıb. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Həmin gün ölkəmizin rəhbəri Türkiyənin dövlət başçısına telefonla da zəng edərək, zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək olacağını bildirib.

Fevralın 7-də Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək çoxsaylı insanın həlak olması ilə əlaqədar başsağlığı verərkən xalqımızın ümumi kədərini dərin hüznlə ifadə edib: “Çox böyük bəladır, faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar. Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da zəlzələ ilə bağlı elə anındaca Türkiyəyə başsağlığı verib. Onun müvafiq tapşırığına uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə müxtəlif dərman preparatları, oksigen maskalar, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıq, isti geyim və çadır dəstləri göndərilmişdir.

Prezident İlham Əliyevin göstərişi ilə FHN-nin xilasedilmə briqadalarını, o cümlədən tibbi heyyəti aparan təyyarələr dərhal Türkiyəyə, fəlakət zonasına göndəriblər. Həmçinin təyyarələr və avtomobil karvanı ilə qardaş ölkəyə xilasetmə avadanlıqları, mobil səhra hospitalı, hümanitar yardım, 4 səhra mətbəxti, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s. aparılıb.

Eyni zamanda ölkənin dövlət və özəl sektorları, ictimai təşkilatları eləcə də Azərbaycanın bütün bölgələri də Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Bütün dövlət qurumları tarixi qardaş Türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində hümanitar yardımın təşkilində fəaldırlar.

Bu gün hər bir Azərbaycanlı qardaş Türkiyəyə yardım etməyi özünün mənəvi borcu hesab edir. Biz bununla bütün dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə dövlətlərarası səviyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq nümunəsidir. Azərbaycan dövləti maddi imkanları, xalqımızın mənəvi dəstəyi, güc və birliyi ilə qardaş ölkədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına böyük fədakarlıq göstərirlər. Mərhəmətli və xeyirxah xalqımız canı-qanı ilə  Türkiyənin yanındadır.

DİGƏR Xəbərlər Arxiv