YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiyadan Avropaya: Bakının açar rolu

Anar Məmmədov

Milli Məclisin deputatı

Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz.

Prezident İlham Əliyev cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı ilə Azərbaycanın qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından biri və Avropanın enerji təhlükəsizliyindəki rolunu bir daha vurğuladı. Biz bir daha əmin olduq ki, Azərbaycanın liderliyi  ilə reallaşan bütün layihələr uğur qazanıb və hər kəs bu layihələrdən qazanc əldə edir. Budəfəki toplantıda iştirakçıların sayının çoxluğu isə Cənub Qaz Dəhlizinə marağın ilbəil artdığını göstərir.

“Cənub Qaz Dəhlizi” ilk gündən Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşmağa başladı. Azərbaycan Prezidenti Avropa İttifaqının ayrı-ayrı dövlətlərini, beynəlxalq maliyyə qurumlarını bu layihənin ətrafında sıx səfərbər etdi, onları vahid komanda halında birləşdirdi. Eyni zamanda  Aİ Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün ölkəmizlə fəal əməkdaşlıq etdi. Bütün bunların nəticəsidir ki, enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyi halına gəldiyi qlobal şəraitdə Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur. Ölkə başçısının da çıxışında qeyd etdiyi kimi, Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan  sonra Azərbaycan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə, mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına, həmçinin ölkə daxilində enerji səmərəliliyinin təmin olunması üçün tutulmuş proqrama uyğun olaraq Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza qənaət edərək ixrac məqsədilə istifadə olunmasına çalışılır.

Azərbaycan zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. Bu da alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır. Artıq təsdiq olunmuş faktdır ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir.   Dənizdə külək enerjisinin potensialının 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialının 27 qiqavat, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxın olması yaşıl enerji ilə  bağlı deyilənlərin əyani sübutudur. Beləliklə, Azərbaycan enerji sahəsi ilə yanaşı, yaşıl enerji ilə bağlı müvafiq saziş imzalayıb, günümüzdə dünyanın diqqətində olan və hər ötən gün əhəmiyyəti daha da yüksələn, qlobal hədəflərdən biri kimi bərpaolunan enerji imkanlarının səmərəliliyinin artırılmasına yönələn qarşılıqlı əlaqə yaradılmasında maraqlıdır. Çünki bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyularsa, bir o qədər də qaza qənaət ediləcək və Azərbaycandan qaz ixracının artırılmasına səbəb olacaq. Bu, dövlətin əsas hədəflərindən biridir.

Əminliklə söyləyə bilərik ki, İlham Əliyevin enerji diplomatiyası və bu istiqamətdəki bütün layihələri ölkənin iqtisadi potensialını gücləndirir, eləcə də neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərilir və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar.