YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir qətliamın tarixçəsi və ya onlar ölümün gözünə dik baxdılar!

Bu gün Malıbəyli və Quşçular kəndlərində azərbaycanlılara qarşı törədilmiş qətliamlardan 31 il ötür.

Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 10-12 tarixləri arasında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində çoxlu sayda dinc etnik azərbaycanlı qətlə yetirildi.

Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 min nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxminən 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi.

1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə olduğu üçün kənddən yeganə çıxış yolu hava yolu idi. Amma ermənilər Şuşaya uçan axırıncı vertolyotu da yanvarın 28-də vurmuşdu. Malıbəyli əhalisinin əli hər yerdən üzülmüşdü. Belə bir vaxtda fevralın 5-də kənd üzərində uçan vertolyotdan yerə, kəndi tərk etmək üçün iki gün vaxtın verildiyi qeyd olunmuş bildirişlər səpələnirdi. Məqsəd kəndi əhalisi ilə birgə məhv etmək idi. Hər tərəfdən mühasirədə olan Malıbəylilər çarəsiz idilər. Ölümün gözünə dik baxmağa məcbur idilər. Fevralın 10-da rus silahlılarının da daxil olduğu erməni silahlı qüvvələri Malıbəyliyə hücum etdi. Hər kəs Quşçular kəndinə qaçmağa çalışırdı. Kənddəki evlər yandırılırdı. Kənd sakinləri ermənilərlə yaşam uğurundan mübarizə aparır, qəhrəmancasına döyüşürdülər.

Təcavüzkar silahlı birləşmələrin tərkibində müxtəlif ölkələrdən gəlmiş muzdlularda da döyüşürdü. Malıbəyli, Quşçular kəndlərinin erməni silahlı birləşmələri tərəfindən ələ keçirilməsi ilə Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alındı. Dinc, günahsız və köməksiz mülki vətəndaşlar qanına qəltan edilirdi. Ancaq qarşıda hələ Qaradağlı, Ağdam və Xocalı planı vardı...

Aradan illər keçib. Minlərlə şəhid verdiyimiz torpaqlar 44 günlük Vətən müharibəsi nəticəsində geri qaytarılıb. Amma bu illər ərzində yaşadığmız ağrı-acını, itkilərimizi heç kim geri qaytara bilməz. Malıbəyli-Quşçularda itirdiklərimizi, 31 ildə itirdiklərimizi, şəhidlərimizi heç bir zaman unutmamalıyıq.

DİGƏR Xəbərlər Arxiv